AZ

“Ailə məsələləri ilə bağlı işlərdə məhkəmələrə psixoloqlar, sosioloqlar cəlb olunmalıdır”

Ailə kiçik dövlətdir. Bu kiçik dövlətin möhkəm təməllər üzərində qurulması sağlam cəmiyyətin əsasını təşkil edir. Ailə institutunun möhkəmləndirilməsi dövlətin daxili siyasətində prioritet məsələlərdəndir. Milli Məclisdə ”Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə də ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycanda ailə məhkəmələrinin və ailə psixoloqu institutunun yaradılmasını təklif edib. O bildirib ki, ailə məhkəmələrinin təsis olunması çox vacibdir: “Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə məlum olur ki, orada psixoloqlar, sosial işçilər, hüquqşünaslar birlikdə ailələrə dəstək göstərirlər, ailə çəkişmələrinin təsirlərini azaldırlar, eyni zamanda ailələrin bərpasına böyük dəstək olurlar”. Qurumun rəsmisi onu da diqqətə çatdırıb ki, hazırda Azərbaycanda psixoloji xidmət istənilən səviyyədə deyil: “Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin instutisional səviyyədə həll olunmasının artıq vaxtı çatıb. Bu gün ailə məsələlərindən danışanda ən narahatedici məqam boşanmaların artmasıdır. Ailədaxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq”, - deyə A.Sofiyeva əlavə edib. 



Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, ixtisaslaşmış məhkəmələrin yaradılması bir çox ölkələrdə, həmçinin Azərbaycanda da tətbiq olunur. O, Demokrat.az-a açıqlamasında deyib ki, hazırda ailə məsələlərinə ümumi məhkəmələrdə baxılır:

“Hesab edirəm ki, ölkəmizin ərazisi və əhalinin sayına görə əlavə məhkəmələrin yaradılmasına ehtiyac yoxdur. Ümumi məhkəmələr artıq ailə məsələləri ilə bağlı işlərdə ixtisaslaşıb. Bəzi hakimlər, eləcə də vəkillər yalnız ailə məsələlərinə baxırlar. Yəni, hakimlər, vəkillər arasında ixtisaslaşma gedir. Məhkəməyə qədər ailədaxili gərginliklərdən doğan məsələlərə artıq mediasiyada baxılır. Ailə məsələləri ilə bağlı bütün işlər məhkəməyə qədər əvvəlcə mediasiyadan keçir. Mediasiya yaranarkən düşünülürdü ki, ailə problemləri daha tez həll olunacaq, boşanmaların sayı azalacaq, konfliktlər daha tez həllini tapacaq, boşanmaq istəyən tərəflər arasında barışıq əldə olunacaq. Mediasiya Azərbaycanda hələki yenidir. Bu sahədə təcrübə toplanılmasına ehtiyac var.  Düşünürəm ki, gələcəkdə mediasiya boşanmaların azalmasında, ailədaxili problemlərin həllində mühüm rol oynayacaq. Təcrübə çoxaldıqca, qanun təkmilləşdikcə zamanla mediasiyanın da ailə məsələlərində rolu artacaq”. 

Ekspertin fikrincə, paralel olaraq ailə məsələləri ilə əlaqədar yeni məhkəmələr yaratmaqla uğurlu nəticə əldə olunmayacaq: 



“Əvvəlcə baxmalıyıq ki, mediasiya nə dərəcədə effektiv olacaq. Psixoloqları, sosioloqları mediasiyaya və məhkəmələrin özünə də cəlb etmək olar. Bilirsiniz ki, ailədə azyaşlı uşaq varsa, məhkəmə boşanmanı iki ay təxirə sala bilər. Həmin müddət ərzində ər və arvad psixoloqun, sosioloqun xidmətindən pulsuz istifadə edə bilərlər. Bunu da qanuna əlavə etmək olar. Belə tədbirlər görmək lazımdır. İşə baxan mövcud məhkəmələrin resurslarını artırmaq lazımdır. Məqsəd məhkəmələrin ailədaxili problemlərin həllində rolunun artması, barışdırıcı mövqedə çıxış etməsini təmin etməkdirsə, onların imkanlarını genişlətmək daha yaxşı olar. Hüquqşünas və QHT sektorunda çalışan biri kimi təcrübəmə əsasən onu deyə bilərəm ki, yeni məhkəmələrin yaradılmasına xərclənən vəsaiti gənc uşaqlı ailələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəltmək daha effektiv olar”. 

Ə.Mustafayev onu da əlavə edib ki, təcrübə boşanmaların əsas səbəbinin maddi sıxıntılar və bundan yaranan psixoloji gərginlik olduğunu göstərir:

“Ailədə konfliktlər də buna görə yaranır. Onu da görürük ki, imkanlı, təminatlı ailələrdə boşanmaların sayı həddən artıq azdır. Daha çox problemlər, məhkəməyə gətirən səbəblər zəif imkanlı ailələrdə olur. Yaxşı olar ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı sorğular, tədqiqatlar aparsın. Boşanmaların əsas səbəbləri öyrənilsin və həlli istiqamətində əməli addımlar atılsın. Təcrübə onu deyir ki, məhkəməyə gələn artıq boşanmağa gəlir. Onları bu yoldan döndərmək əskər hallarda demək olar ki, mümkün olmur. Elə etmək lazımdır ki, ailədə yaranan problem məhkəməyə qədər həll olunsun, tərəfləri boşanmağa aparacaq qədər böyüməsin. Müxtəlif institutlar yaratmaqla ailə konfliktlərinin, boşanmaların qarşısını almaq mümkün olmayacaq”.

Psixoloq Fərqanə Mehmanqızı da məsələyə münasibət bildirib. Demokrat.az-a açıqlama verən ekspert ailə psixoloqu institutunun yaradılmasını vacib hesab edir:



“Ailə dəyərlərini qorumalıyıq. Ailə psixoloqu institutunun yaradılması ailə institutunun möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Bu işə peşəkarlar cəlb olunmalıdır. Hansı ki, ailəni boşanmaya təşviq etmir, əksinə qorumağa çalışır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Sağlam ailəni formalaşdıran isə psixologiyası, düşüncəsi sağlam olan fərdlərdir. Əgər bir insan psixoloji cəhətdən sağlam deyilsə, psixi vəziyyəti qaydasında deyilsə, onun qurduğu ailənin təməlləri də möhkəm olmayacaq. Həmin ailədə tez-tez gərginlik, konflikt yaşanacaq. Belə şəxslər vaxtında psixoloji vəziyyətlərini yoxlatmalı, lazım gələrsə, psixoterapiyadan keçməlidirlər. Psixoloji gərginlik yaşayan insanın ailəsinin də xoşbəxt olmasını gözləmək yanlışdır, həmin ailədə isti, mehriban münasibətlərdən söz açmağa dəyməz”.


Törə Zeynallı
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyin maliyyə dəstəyilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqamətində hazırlanıb.
Seçilən
81
1
Mənbələr
Şərh ()
Bağla