AZ

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 20 aprel, Rabil Kətanov, AZƏRTAC

Nəqliyyat infrastrukturu tarixin bütün dövrlərində hər bir dövlət üçün böyük əhəmiyyət daşıyıb. İqtisadiyyatın və ticarətin inkişafı həmişə yolların rəvanlığından asılı olub. Sovet İttifaqı vaxtilə dünyanın ən böyük ölkəsi idi və ərazisi Avropa qitəsindən başlayaraq uzaq Şərqdə bitirdi. Bu böyük əraziyə nəzarət etmək, təhlükəsizliyini təmin etmək, əyalətlərlə mərkəzi birləşdirmək, regionların əlaqəsini yaratmaq və iqtisadi səmərə götürmək üçün Baykal Amur Magistralı (BAM) kimi dəmir yoluna böyük ehtiyac olub.

Baykal Amur Magistralı bu günədək dünyada həyata keçirilən ən böyük nəqliyyat layihələrindən biridir. Bu dəmir yolunun tikintisinə ötən əsrin əvvəllərində başlanılıb və demək olar ölkənin bütün ərazisindən keçərək SSRİ kimi nəhəng bir dövlətin Sakit Okean sahillərinə çıxışını təmin edib. Sibiri Sovet İttifaqının mərkəzi və Qərb regionları ilə birləşdirən bu dəmir yolunun tikintisi heç də asan olmayıb. Dəmir yolu indiki kimi yeni texnologiyaların, müasir texniki avadanlıq və maşınların olmadığı zamanlarda, yalnız insan təfəkkürünün və əməyinin gücü ilə inşa edilib. Bu nəhəng infrastrukturun həyata vəsiqə almasında mühüm rol oynayan xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ilin iyulunda BAM-ın 25 illiyinin qeyd olunması üçün yaradılmış Təşkilat Komitəsinə yazdığı məktubda bildirmişdi: “Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”.

1974-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yenidən BAM-ın tikintisinə başlanıldı və məhz elə texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Lakin 1984-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev sovet dövlətinin magistral boyu 10 günlük səfərə yollanan ilk yüksək vəzifəli şəxsi idi. Məhz bu səfərdən sonra BAM-ın tikintisində ciddi dönüş yarandı. Moskvaya qayıdan Heydər Əliyev Siyasi Büro üçün geniş məruzə hazırladı. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu.

SSRİ kimi böyük dövlətdə bürokratiyanın bu və ya digər işin görülməsinə necə böyük əngəllər yaratdığı tarixdən məlumdur. Magistral boyu səfər edən Heydər Əliyev Severomuysk tunelinin qazılması zamanı yeraltı çayın üzə çıxdığını öyrənir və dəmir yolunun bu ərazidən yan keçməsi fikrini irəli sürərək hazırladığı məruzədə bunu əsaslandırır. Heydər Əliyev məruzədə nəzərə çatdırır ki, tunelin inşasının davam etdirilməsi dövlətə böyük məbləğdə maliyyə itkisinə başa gələcək və nəticədə dəmir yolunun tikintisi sonu görünməyən vaxtadək uzanacaq. Fitri istedad sahibi olan və uzaqgörən dövlət xadimi Heydər Əliyevin irəli sürdüyü təşəbbüs Siyasi Büroda müzakirəyə çıxarılır, onun haqlı olduğu bildirilir və təklif qəbul edilir.

Dəmir yolunun tikintisi gedən əraziyə 10 gündən çox davam edən ezamiyyəti zamanı Heydər Əliyev rezin çəkmədə qurşağa kimi suyun və palçığın içinə girərək sadə fəhlələrlə görüşür, onlara ruh verirdi. Sovet dönəmində sadə adamların dövlətin yüksək səviyyəli rəhbərləri ilə belə görüşlərinə çox nadir hallarda rast gəlinirdi. Saatlarla hərbi vertolyotla sahədən-sahəyə baş çəkən Heydər Əliyev səhra şəraitində müşavirələr keçirir, işin gedişinə ciddi nəzarət edir, tövsiyə və tapşırıqlar verirdi.

Qeyd edək ki, Sovet İttifaqı üçün BAM-ın tikintisi çox mühüm əhəmiyyət kəsb edirdi. Sibir və Uzaq Şərqin təbii sərvətlərinin mənisənilməsində, ölkənin istehsal gücünün artırılmasında, dövlətin nəqliyyat arteriyasının dayanmadan işləməsində və ümumilikdə iqtisadiyyatın inkişafında bu dəmir yolu əvəzolunmaz rola malik idi. Heydər Əliyev yolun həm ölkə daxili, həm də beynəlxalq mahiyyətini analiz edərək tikintinin bu ərazilərdə yaşayan əhalinin də sosial vəziyyətinə nə qədər müsbət təsir göstərəcəyini nəzərə alırdı. Təsadüfi deyil ki, 2008-ci ildə BAM-ın 210-cu kilometrliyində yerləşən Anqoy stansiyası yenidən təmir edildi və ona Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verildi. Ulkan və Anqoy qəsəbələrini Heydər Əliyevin azərbaycanlılardan ibarət formalaşdırdığı tikinti briqadaları inşa edib və magistral boyu salınan qəsəbələrdən 2 ay tez təhvil verilib.

Uzunluğu 4324 kilometr olan bu dəmir yolunun tikintisində 2 milyondan artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca yerləşir ki, bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və sosial vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır.

Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Rusiya mətbuatının yazdığına görə 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisindəki rolunu yüksək qiymətləndirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib: “Sovet İttifaqında çox nəhəng tikinti olan BAM Heydər Əliyevin adı ilə bağlıdır”.

Seçilən
195
20
Mənbələr
Şərh ()
Bağla