AZ

Sərgən Yalçın “Antalyaspor”dan ayrılacaq?

Bu mövsüm məşqçiləri əlcək kimi dəyişən “Beşiktaş”ın yeni çalışdırıcısının kim olacağı maraqla gözlənilir.

Ən son 500 min avro təzminat qarşılığında portuqaliyalı Fernando Santuşla yolları ayıran “ağ-qaralar” mövsümün sonuna qədər oyunlara U-19 komandasının çalışdırıcısı Sərdar Topraktəpənin başçılığı altında hazırlaşacaq. Bu arada hazırda “Antalyaspor”u çalışdıran Sərgən Yalçının yayda İstanbul nəhənginin başına keçmək ehtimalı yetərincə yüksəkdi. Çünki onun antalyalılarla müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Xatırladaq ki, “Beşiktaş” son çempionluğunu 2020/21-də məhz bu məşqçi ilə qazanıb. Antalyalıların başqanı Sinan Boztəpə 51 yaşlı mütəxəssislə bağlı bunları deyib:
“Mövsümün bitməsinə 6 həftə qalıb. Məşqçimizin müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Onun bizimlə yola davam etməsini istəyirik. Elə Sərgən Yalçın özü də klubumuzda qalmağın əleyhinə deyil. Bazar günü “Hatayspor”la oyunumuz var. Həmin matçın ardından məşqçimizlə yeni müqavilə ilə bağlı görüşümüz olacaq. İndiyə qədər bu mövzuda onunla görüşümüz olmayıb. Hələ ki mövsüm davam edir və belə şeyləri müzakirəyə çıxarmaq tezdi. Dediyimiz kimi, biz Sərgən hoca ilə davam etmək istəyirik. Amma o, fərqli qərar versə və ayrılmaq istəsə, bunu anlayışla qarşılayacağıq. Özümüzü hər cür duruma hazırlamışıq. Ümid edirəm ki, onunla yola davam edəcəyik”.

Yeri gəlmişkən, türkiyəli jurnalist, köşə yazarı və aparıcı Candaş Tolqa İşık Sərgən Yalçının “Antalyaspor”dan ayrılaraq onunla birlikdə veriliş aparacağına dair yayılan söz-söhbətə reaksiya bildirib. İşık “iks”dəki hesabında bunları yazıb:
“Sərgən Yalçın yalnız Avropa çempionatı üçün 1 ay boyunca “Kafa Sports”da oyunları şərh edəcək. Ortalıqda yalan məlumatlar dolaşır. Onlara etibar etməyin”.
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla