AZ

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyi qeyd olunub

Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, tədbir MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub.

Yubiley tədbiri çərçivəsində “Rusiya-Azərbaycan: dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan MDLU-nun rektoru İrina Krayeva mərkəzin yaranma tarixindən və fəaliyyətindən danışıb. O, Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinə son illərdə Bella Musayeva, Zenfira Rüstəmova, Leyla İsmayılovanın uğurla rəhbərlik etdiyini xatırladıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar siyasət şöbəsinin müdiri Tamilla Əhmədova, Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov, Bakı Slavyan Universitetinin professoru Şərqiyyə Həsənova, Bakı Slavyan Universitetinin professoru, MDLU-nun fəxri professoru, Mərkəzin birinci rəhbəri Bella Musayeva və başqaları mərkəzin yubileyi münasibətilə təbriklərini çatdırıblar.

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov universitetin rektoru İrina Krayevaya daim diqqət və bütün təşəbbüslərə verdiyi dəstəyə görə təşəkkürünü bildirib, onun Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin fəaliyyətinə, zəngin Azərbaycan mədəni irsinin təbliğinə şəxsi töhfəsini və qayğısını qeyd edib.

Tədbirin bədii hissəsində müğənnilər, rəqqaslar, Azərbaycan dili fakültəsinin 1-ci kurs tələbələri çıxış edib, əfsanəvi “Qaynana” komediyasından səhnələr göstərilib.

Tədbirin sonunda iştirakçılar ənənəvi şirniyyat və Azərbaycan milli mətbəxinin təamlarından dadıblar.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla