AZ

Vasitəçisiz diplomatiya, Prezidentin iradəsi - Hamı Azərbaycanla RAZILAŞIR

Qazax rayonun Ermənistanın işğalı altında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.


Modern.az-ın müsahibləri bu tarixi hadisəni müxtəlif aspektlərdən şərh ediblər.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan xalqının davamlı olaraq bir çox mühüm qələbələrə imza atdığının şahidiyik: 
 


“2020-ci ildə torpaqlarımızı azad etdik. 2023-cü ildə suverenliyimizi tam bərpa etdik. Bir neçə gün bundan öncə Rusiya sülhməramlıları Qarabağı tərk etdilər. Ən önəmli məsələlərdən biri isə 4 kəndin azad olunmasıdır. Bu,  müharibə olmadan, dövlət başçısının apardığı diplomatik fəaliyyət nəticəsində mümkün oldu. Azərbaycan xalqı qələbəyə imza atdı. 

Qeyd etmək lazımdır ki, uzun müddətdir Azərbaycana ciddi təzyiqlər və cəhdlər var idi, Ermənistan da müharibəyə təhrik edilirdi. Azərbaycan uğurlu siyasətlə ona nail oldu ki, heç bir vasitəçi olmadan biz Ermənistanla anlaşdıq və qarşı tərəf 4 kəndimizi qaytarmağa razılaşdı. Ümumiyyətlə, son vaxtlar aparılan ikitərəfli danışıqlar prosesə daha çox töhfə verir, nəinki hansısa vasitəçinin iştirak etdiyi platformalar. Bu da uğurlu diplomatik gedişin nəticəsidir”. 
 

C.Məmmədov deyib ki, Qərb bölgəmizə sülhün gəlməsində maraqlı deyib:


“Davamlı olaraq Ermənistanı Azərbaycanla şantaj edib, belə bir görüntü yaratmağa çalışdılar ki, Azərbaycan ermənilərə qarşı guya "etnik təmizləmə" həyata keçirir. Sanki Azərbaycan Ermənistana hücum edəcək. Son proseslər onu göstərdi ki, Azərbaycanın belə bir planı yoxdur. Azərbaycanın əsas hədəfi bölgəyə sülhün gəlməsi və bunun üçün addımların atılmasıdır. Son razılaşma Qərbin apardığı siyasətin heç bir təsirə malik olmadığını növbəti dəfə açıq-aydın göstərdi”. 
 


Politoloq Natiq Mirinin
sözlərinə görə, Rusiya hərbi kontingentinin Azərbaycanı tərk etməsi, Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın prosesləri doğru-dürüst qiymətləndirməsi nəticəsində gerçəkləşib:


“Əslində son proseslər bir çox gerçəkləri ortaya qoydu. 30 il müddətində vasitəçilik inistutları, qlobal güclər özlərinin geosiyasi maraqları konteksində bu müharibənin çözümsüzlüyü üçün istədikləri “töhfəni” verdilər.

Bundan öncə erməni məhbusların azad olunması, COP29, Azərbaycanın Ermənistanla beynəlxalq təşkilatlarda qarşılıqlı anlaşmaları kimi məsələlər olmuşdu. Bunlar da vasitəçisiz həyata keçirilmişdi.
Yenidən sübut olundu ki, tərəflər heç bir vasitəçi olmadan oturub danışa, müşkül məsələlərlə bağlı qərarlar qəbul edə bilərlər. Bir həqiqəti unutmaq olmaz, hər bir vasitəçi ayrılıqda bir geosiyası maraq deməkdir. Bunların sayı artdıqca, bu geosiyasi maraqları uzlaşdırmaq da çətinləşir. Vasitəçi demək problemin həll olunmayacağı deməkdir.

Əgər iki ölkə bundan sonra da qonşuluqda yanaşı olaraq yaşamağa, var olmağa davam edəclərsə, onda necə ola bilir ki, problemlərini hansısa qlobal gücün vasitəsi ilə həll etsinlər? Bu absurd məsələdir. Son razılaşma həm Ermənistan, həm Azərbaycan üçün böyük dərs və məktəbdir. Bu vasitəçisiz növbəti anlaşmadır”.
 

Natiq Miri Qərbin "Ermənistanın təhlükəsizliyinin təmin olunması" çətiri altında silahlandırmasının regionda hərbi təhlükəyə səbəb olduğunu qeyd edib:
 

“Çünki münaqişə tam həll olunmadan, sülh müqaviləsi imzalanmadan münaqişə tərəflərindən birini, xüsusən də məğlub tərəfin revanş götürmək istəkləri mövcud olduğu halda silahlandırılması heç bir beynəlxalq hüquqa əsaslanmır.

Ona görə də bu cür fikirlər, beynəlxalq rəyin yaradılması düşünülərək süni olaraq ortalığa atılmışdı. Azərbaycanın müharibəyə sövq etdiyini göstərməklə Ermənistanın silahlandırılmasına haqq qazandırılmağa çalışılır.

Bu həm də Ermənistanın Rusiya qarşısında daha dayaqlı olmasına yol açmaq istəyi idi. Azərbaycana beynəlxalq təşkilatlarda beynəlxalq səviyyədə təzyiq etmək üçün tutacaqları əsaslar yaradırdı.

Aprelin 5-də Brüsseldə Ermənistan, ABŞ və Avropa Birliyinin timsalında qlobal görüş baş tutdu. Bu görüşdən sonra bəzi həqiqətlər Ermənistan höküməyi üçün tamamən ayınlaşdı.

Nikol Paşinyan anladı ki, heç bir qlobal güc Ermənistanın problemlərini onun yerinə gəlib həll etməyəcək. Paşinyan bu görüşdən sonra açıq şəkildə bunu dilə gətirdi. Bu proseslərə nöqtə qoyan məsələ Qarabağda mövcud olan Rusiya hərbi kontingentinin ərazini tərk etməsi hadisəsi oldu. Bu hadisədən sonra Qazaxın 4 kəndinin qaytarılması sürətləndi. Düşünürəm ki, kəndlərin qaytarılması gələcəkdə sülh prosesinə ciddi töhfə verəcək.

Ermənistan rəhbərliyi anladı ki, qlobal güclərin təzyiqi, onların müəyyən vədləri fonunda problemləri həll etmək mümkün deyil. Problemin yeganə həlli qonşuluqda olan Azərbaycan və Türkiyə ilə anlaşmaqdan keçir”.
 


Hərbi ekspert Şair Ramaldanov
itirilmiş tarixi Azərbaycan torpaqlarının xalqımıza qaytarılmasında dövlət başçısının fəaliyyətindən danışıb:
 

“Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və xüsusən də Azərbaycanın ərazi bütövlüyünün bərpası, bütün yaşayış məntəqələrinin qaytarılması istiqamətində görülən işlər bundan sonra gələcək nəsillər üçün məlumat bazası olacaq.

Ali Baş Komandan 44 günlük müharibədən sonra dəfələrə Azərbaycanın bundan sonra qarşıya qoyulan bütün hədəflərə nail olacağını elan edib. Biz bunun şahidiyik. Ordu quruculuğunun sürətlə getməsi, Silahlı Qüvvələrimizin Türkiyə modelinə keçməsi böyük islahatların aparılması, siyası addımlar bunu təsdiqləyir.

Azərbaycanın antiterror tədbirləri keçirməklə üçtərəfli Bəyanatın 4-cü bəndinin yerinə yetirilməsini təmin etdi, dinc əhaliyə xəsarət yetirmədən qanunsuz silahlılar tərksilah olundu. 

Ölkə başçısı Azərbaycandakı erməni separatizminin kökünü kəsdi. Bu, İlham Əliyevin müdrik siyasətinin nəticəsidir.

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanda çoxlu şayiələrə səbəb olmuşdu. Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından tez çıxması üçün çox böyük işlər aparıldı. Çox düzgün siyasət yürüdüldü. Rusiyanın sülhəramlı qüvvələri burada olarkən çox sözlər danışılırdı. Deyənlər var idi ki, onlar buradan çıxmayacaq. Xaricdən, xüsusən rusiyalı ekspertlər tərəfindən vaxtın uzadılacağı ilə bağlı proqnozlar verilirdi. Ancaq cənab Prezident sözünü demişdi: Rusiyanın sülhməramlı kontingenti Azərbaycan ərazisində 2025-dən o tərəfə qalmayacaq".
 

Ekspert hesab edir ki, 4 kəndin qaytarılması Ermənistanla sülh müqaviləsinin bağlanmasını yaxınlaşdırdı:


"Ermənistan təzyiqlərə, daxildəki müxalif qüvvələrə rəğmən Azərbaycanın apardığı siyasətin qarşısında tab gətirə bilmədi.

4 kənd Azərbaycana sivil yolla, beynəlxalq normaların tələblərinə uyğun qaytarıldı. Azərbaycan və Ermənistan üçüncü tərəf olmadan məsələri müsbət şəkildə həll etdilər. Artıq Qazax rayonu istiqmətdində şərti sərhəd yox, dövlət sərhədi təşkil olunacaq. Dövlət sərhədinin başlanğıcı oradan qoyulacaq. Əlbəttə ki, buna mane olmaq istəyən qüvvələr çoxdur.

Müharibəni yenidən alovladırmaq, Ermənistanı qorxu altında saxlamaq istəyən Qərb qüvvələri Ermənistana təsir edirlər. Ermənistana havadarlıq edən Qərb və ABŞ müharibə ab-havası yaradaraq, öz maraqlarını təmin etmək üçün şərait yaratmaq istəyirlər. Ancaq gedən proseslər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına, delimitasiya və demarkasiya səbəb olacaq. 

Azərbaycanın müdrik siyasi lideri var. Ölkə başçısının dediyi kimi, sözümüz də imzamız kimi etibarlıdır. Çox çəkməyəcək, Zəngəzu dəhlizi də açılacaq. Bu Azərbaycanın hədəfindədir. Bunun da real olacağına heç bir şübhə yoxdur”.

Seçilən
144
50
Mənbələr
Şərh ()
Bağla