AZ

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar

Qazax, 20 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax sakinləri 32 ildən çoxdur Ermənistanın işğalı altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılaşmanı böyük sevinclə qeyd ediblər. Xəbəri eşidən sakinlər sevinclərini bir-biri ilə bölüşərək küçələrə çıxıblar. Əsasən yeni qəsəbədə məskunlaşan sakinlər bu xəbəri əsl bayram kimi qarşılayıblar.

AZƏRTAC xəbər verir ki, Qazaxda delimitasiya komissiyalarının növbəti görüşündə 4 kəndin qaytarılması ilə bağlı əldə edilən razılaşmanı Qazax sakinləri əsl bayram, qələbə kimi qeyd edirlər. Sakinlər bu uğura görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qızılhacılı kənd sakini, Birinci Qarabağ müharibəsi qazisi Eldar Quliyev qeyd edib: “Bu xəbəri eşidəndə kənd sakinləri olaraq çox sevindik. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Kəndlərimiz geri qaytarılır və biz öz ata-baba yurdlarımıza qayıdacağıq. Ailədə 4 nəfərik, hərbi şəhərcikdə yaşayırıq. Kəndimizə qayıdıb Coğaz gölünün kənarında yaşayacağıq. Kəndimizdə əhalinin məşğuliyyəti əsasən heyvandarlıq, balıqçılıq və əkinçilikdir”.

Qızılhacılı kənd sakini 63 yaşlı Solmaz Alıyeva kənd 1992-ci il mayın 11-də işğal olunandan Qazax şəhərində məskunlaşdıqlarını bildirib. Deyib ki, kənddən çıxarkən heç bir ev və şəxsi əşyasını çıxara bilməyiblər. İllərdir ata-baba yurdunun həsrəti ilə yaşayıblar. İndi isə sevinclərinin həddi-hüdudu yoxdur. Prezident İlham Əliyevin siyasi uğurunun nəticəsi olaraq qan tökülmədən, bir güllə belə atılmadan kəndlərinə qovuşacaqları üçün özlərini çox xoşbəxt hiss edirlər. “Çox sevinirik. Kəndimiz müharibəsiz, qansız-qadasız özümüzə qaytarılır. Orada mal-qaramız, toyuq-cücəmiz var idi, əkin-biçinlə məşğul olurduq. Düşmən kəndimizə od vurdu, bütün evləri dağıtdı. Biz inanırıq ki, kəndimiz yenidən bərpa olunacaq, oraya həyat yenidən qayıdacaq. Bütün bunlara görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”, - deyə kənd sakini əlavə edib.

Qeyd edək ki, aprelin 19-da sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar bir sıra məsələlər üzrə razılığa gəliblər.

Seçilən
37
24
Mənbələr
Şərh ()
Bağla