AZ

"Araşdırdıq və gördük ki, belə agentliyə ehtiyac var" - Allahverdiyev

Azərbaycanda yeni agentlik - "İQ Sports" fəaliyyətə başlayıb. 

"Neftçi"nin keçmiş mətbuat katibi Rüstəm Allahverdiyevin rəhbər olduğu qurum idman sektorunda media və marketinq işlərinin görülməsi ilə məşğul olacaq.

Allahverdiyev "FutbolPress"ə açıqlamasında agentliyin hansı zərurətdən yarandığını söylədi:

"Neftçi"də işlədiyim müddətdə bu sahə ilə maraqlanır, təhsilini alırdım. Beynəlxalq təcrübələrlə maraqlanırdım. Xaricdə bu tipdə xidmət göstərən şirkətlər var. Amma Azərbaycanda sırf idman sektoru ilə ixtisaslaşmış agentlik yoxdur. Bazarı da araşdırdıq və gördük ki, belə agentliyə ehtiyac var. Düşündük ki, bu istiqamətdə işlər görək".

Allahverdiyev agentliyin planlarından da söz açdı: 

"Planlarımız çoxdur. Bir neçə klub, idman federasiyaları ilə görüşlərimiz olub. Onlar üçün özəl təkliflər hazırlayırıq. Həmçinin, Peşəkar Futbol Liqası (PFL) ilə görüşmüşük. Qarşıdan ölkə kubokunun finalı gəlir və PFL ilə marketinq məsələlərində əməkdaşlığımız olacaq. Görüşdüyümüz klublardan biri ilə də artıq işə başlamışıq. Hələ rəsmi müqavilə olmadığı üçün ad açıqlaya bilmirəm. Növbəti mövsüm üçün istədikləri sponsorla bağlı yolun yarısındayıq. Digər sponsorla bağlı da işlərimiz davam edir. Digər klublarla da görüşəcəyik, yeni təkliflər hazırlayırıq. Həmçinin, idmançılarla da marketinq işlərinə görə müqavilələr imzalayacağıq".

Rüstəm Allahverdiyev 2018-2023-cü illərdə "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olub. 

Şahin Cəfərov
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla