AZ

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir -Soltan Məmmədov/ÖZƏL

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması bir daha təsdiq edir ki, dövlət başçımızın həyata keçirdiyi siyasət ölkəmizin milli maraqlarının ən yüksək səviyyədə qorunmasını təmin edir

Qazaxın 4 kəndinin qaytarılması barədə Ermənistanla əldə olunmuş razılıq Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti qələbəsidir. Bu bir daha onu göstərir ki, dövlət başçımızın həyata keçirdiyi siyasət ölkəmizin milli maraqlarının ən yüksək səviyyədə qorunmasını təmin edir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Üçüncü dövlətlərin vasitəçiliyinə ehtiyac yoxdur

Millət vəkili bildirib ki, Azərbaycanın Vətən müharibəsi nəticəsində yaratdığı hərbi-siyasi reallıqlar regionun geosiyasi mənzərəsini tamamilə dəyişib. Qazaxın 4 kəndinin qaytarılmasını məhz bu konkekstdə qiymətləndirmək lazımdır.  S. Məmmədov vurğulayıb ki, iki ölkə arasında əldə olunmuş razılaşma istənilən mübahisəli məsələlərin danışıqlar masası arxasında həll etməyin mümkün olduğunu göstərir: “Bu razılaşma bir daha təsdiq edir ki, regiondan uzaq ölkələrin proseslərə müdaxiləsi Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılmasına xidmət etmir, əksinə, gərginliyə səbəb olur. Azərbaycan və Ermənistan öz aralarında bütün problemləri müzakirə edə və ümumi dil tapa bilir. Ona görə də, üçüncü dövlətlərin vasitəçiliyinə ehtiyac yoxdur”. 

Ardıcıl, məqsədyönlü siyasət, beynəlxalq hüququn tələbi... 

Millət vəkilinin fikrincə, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlanması bəzi dövlətlərin Azərbaycanın hücum əməliyyatlarına hazırlaşdığına dair iddialarının da əsassız olduğunu göstərir. Rəsmi Bakı heç vaxt toqquşma və müharibə tərəfdarı olmayıb, əksinə, hər zaman sülh üçün bütün imkanların istifadə edilməsinə çalışıb. Keçmiş Qarabağ münaqişəsinin davam etdiyi 30 ilə yaxın müddətdə Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün bütün mümkün addımları atdı. Vətən müharibəsindən sonra da sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan olub. Bizim ölkəmiz Cənubi Qafqazda yeni bir tarixi səhifənin açılmasına çalışır. Biz regionda davamlı və etibarlı sülhün yaradılması, iqtisadi əlaqələrin qurulması və dərinləşdirilməsi, bütün qonşularla faydalı əməkdaşlığın tərəfdarıyıq. Lakin hesab edirik ki, münasibətlər sistemi beynəlxalq hüququn fundamental prinsiplərinə riayət etmək şərtilə inkişaf etdirilməlidir. Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilk növbədə beynəlxalq hüququn tələbidir.

S.Məmmədov qeyd edib ki, qeyri-anklav kəndlərin qaytarılması məsələsini Azərbaycan Prezidenti 2020-ci ildən qaldırmışdı və ötən dövr ərzində mövzu daim gündəlikdə saxlamaqla bu istiqamətdə ardıcıl, məqsədyönlü işlər həyata keçirilib. Əldə olunmuş nəticə Azərbaycanla Ermənistan arasında münasibıtlərin normallaşdırılması istiamətində atılmış mühüm addımdır.

Yaqut Ağaşahqızı “İki sahil”

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla