AZ

TTSPB-nin Qadın Sahibkarlar Komitəsinə sədrlik Qazaxıstana keçib

18 aprel 2024-cü il tarixində İstanbulda Türkiyə Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci baş Assambleya baş tutub. “İki sahil” xəbər verir ki, ikinci yığıncaq zamanı 8 ölkəni təmsil edən qadın sahibkarlar bir araya gələrək çıxışlar ediblər.

2021-ci ilin noyabr ayında Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikasını təmsil etmək məqsədilə namizədliyi irəli sürülən, 2 il ərzində  Türkiyə Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinə sədrlik edən Səkinə Babayeva görülən işlərin hesabatını təqdim edib. S. Babayeva çıxışında bildirib ki, 2021-ci ilin noyabr ayından etibarən türk dünyası qadın sahibkarları ilə keçirilən ümumi görüşlərin sayı 120-ni ötüb. Bu dövr ərzində türkdilli ölkələrə 30-dan çox səfər təşkil olunub və bundan əlavə olaraq 8 ölkədə 60-a yaxın layihə, tədbirlər həyata keçirilib.

Ümumi yığıncaqda Türkiyə təmsilçisi Hatice Kal, Qazaxıstandan Lazzat R. Kerimkulovna, Qırğızıstandan Aijan Chynybaeva, Özbəkistan Nodira N. Shotursunova, Türkmənistandan Gulbahar İlliyeva, Şimali Kipr Türk Respublikasından isə Yaprak Özyalçın iştirak ediblər.

Ümumi yığıncağın qərarına əsasən Türkmənistan təmsilçisi rəsmi olaraq Qadın Sahibkarlar Komitəsinin tərkibinə daxil olub və bundan sonrakı dövr üçün bütün ölkələrin nümayəndələrinin öz dillərində danışıqlar aparmasının vacib olduğu qeyd olunub.

Daha sonra 2021-ci ildə Komitənin qəbul olunmuş əsasnaməsinə dair qərarlara istinadən Qadın Sahibkarlar Komitəsinin sədrliyi Azərbaycan Respublikasının nümayəndəsi Səkinə Babayevadan Qazaxıstan Respublikasının nümayəndəsi Ləzzət Kerimkulovnaya təhvil verilib.

Seçilən
53
2
Mənbələr
Şərh ()
Bağla