AZ

Siyasi məhbus Pərviz Siyabi tibbi məzuniyyətə çıxıb

Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Pərviz Siyabi həbsxanadan kənarda müalicə olunmaq üçün məzuniyyətə göndərildiyi bildirilir.

Bu barədə HRA xəbər agentliyi məlumat yayıb.

Bu yaşlı azərbaycanlı siyasi məhbus üçün nəzərdə tutulan məzuniyyət müddəti ilə bağlı məlumat dərc edilməyib.

O, hazırda Ərdəbil həbsxanasında Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin ona verdiyi 6 illik həbs cəzasını çəkir.

Siyabi 2021-ci il iyul ayının 24-də Xuzistan vilayətində ərəb icmasının aksiyalarına dəstək məqsədilə Təbrizdə keçirilən etiraz mitinqindən bir gün sonra Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Təqribən 1 ay nəzarət altında saxlanılan fəal avqust ayının son günlərində 250 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Daha sonra ilkin məhkəməsi Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin 1 saylı şöbəsində keçirilib və həmin məhkəmə onu müxtəlif ittihamlardan, o cümlədən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qruplaşmalara üzv olmaq” ittihamından təqsirkar tanıyaraq, ümumilikdə 16 il həbs cəzasına məhkum edib.

Lakin ilkin məhkəmənin çıxardığı hökmə etirazdan sonra Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi onun 16 il həbs cəzasını 6 ilə endirib.

Ədli tibb ekspertlərinin 77 yaşlı azərbaycanlı siyasi məhbusun yaşı və çox sayda fiziki xəstəlikləri səbəbindən həbsxana şəraitinə tab gətirə bilməyəcəyi barədə rəyinə baxmayaraq, məhkəmə orqanları 6 il həbs cəzasını qüvvədə saxlayıb.

visiontv.az



Seçilən
110
Mənbələr
Şərh ()
Bağla