"Qəbələ”nin Feras Abu Akalla yollarını ayırmasını hələ ötən həftə xəbər vermişdik.
Klub rəsmi açıqlamanı yalnız dünən yaydı.
Bildirildi ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub. 2022-ci ilin iyulundan burada çıxış edən legioner "qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub.
Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.
İsralli bu mövsüm «Qəbələ»də 8 oyun keçirib. Ötən ilin mayında ağır zədə aldığı və əməliyyat olunduğu üçün sezonun ilk yarısını buraxan orta sahə oyunçusu gələn «futbol ili»ni də burada keçirə bilərdi.
Bunun üçün ona 2 matçda forma geyinmək kifayət edəcəkdi. Di gəl, Kaxaber Sxadadze qarşıdakı görüşlərdə ona şans verməyəcəyini bəribaşdan Ferasın diqqətinə çatdırıb.
Bundan sonra rəsmilər sözügedən əcnəbi ilə danışıqlar masası arxasına əyləşib və 2 aylıq maaşın ödəniləcəyi şərtiylə kontraktın ləğvinə razılaşıblar.
SPORTİNFO.AZ