AZ

55 yaş təəssüratı: "Vaxtla mübarizə səfehlikdi” - Qulu Ağsəs

"Pandemiya vaxtı şeirlər kitabımın çapını planlaşdırırdım. Elə oldu ki, mənə Təbrizdən təklif gəldi. Kitabımı çap etmək istədiklərini dedilər. Onlara "yox" deyə bilmədim. Çünki təxminən 10 il öncə mənə orda şeirlər kitabımın çapıyla bağlı təklif olmuşdu. Amma naşirin və mənim günahım olmadan o iş dayandırıldı. Başa düşdüm ki, orda mənim üçün "qırmızı işıq"dı. Pandemiya vaxtı təklif olduğu üçün burda çap etmək istədiyim kitabın elektron variantını ora göndərdim və adını da özüm seçdim. Beləliklə, “Yorulmağacan” adlı şeirlər kitabım orda çap olundu”.

Bunu Bakupost.az-a açıqlamasında bu gün 55 yaşı tamam olan şair Qulu Ağsəs deyib.

O, bir müddət öncə yeni çapdan çıxan “Görsən üşüyürsən” adlı kitabından da danışıb:

“Təəssüf ki, pandemiya vaxtı olduğu üçün o kitabın geniş bir təqdimatı keçirilmədi. Quru sərhədləri bağlı olduğuna görə bu günə qədər həmin kitabımı görə bilməmişəm. Ona görə də bu dəfə “Görsən üşüyürsən” adlı kitabımı hazırladım və “Təhsil” nəşriyyatında çap elədik. Sonra isə kitabın yayım işiylə məşğul oldum və şəhərin mərkəzi yerlərində mağazalarda satışa verdik. Mən istədim ki, kitabım adamların əyləndiyi, kofe içməyə getdiyi yerlərdə olsun. İndi görürəm ki, adamlar orda kitabımla şəkil çəkdirib mənə göndərirlər. Bu, təbii ki, çox xoşdur”.

Q.Ağsəs 55 yaşın təəssüratlarını da dilə gətirib:

“Dünən səhər yuxudan oyanıb İctimai Televiziyaya baxdım. Çünki orda “Ağdam” şeirimi ekranlaşdırmışdılar. Amma bunu mənə göstərmədilər. Dedilər ki, aprelin 19-da efirdə “Salam Azərbaycan” verilişində yayımlanacaq. Mən də səhər tezdən yuxudan qalxıb televizoru açdım və birdən-birə iki aparıcı çıxıb dedi ki, bu gün Azərbaycanın tanınmış şairi Qulu Ağsəsin 55 yaşı tamam olur. Mənə bu bu rəqəmlər çox qəribə gəldi. Sanki başqası haqqında informasiya eşitmiş oldum. Hansı ki, axşam bunu qəbullamışdım. Hətta dünən işdə yazıçılardan biri dedi ki, elə bil keçən il 50 yaşını qeyd etdik. Yəni illər gəlib keçir. Təki salamatçılıq olsun, biz də illərlə qoşa addımlayaq. Mən elə başa düşürəm ki, bunun heç bir çarəsi yoxdur, yeganə çarəsi bu illəri yaşamqdı. Allah imkan verə, yaşayasan. Vaxtla mübarizə aparmaq səfehlik olardı. Vaxta qoşulub birtəhər onun böyür-başında addımlamaq lazımdır”.

Vasif Əlihüseyn
Seçilən
68
Mənbələr
Şərh ()
Bağla