AZ

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Bakı

Bakı, 20 aprel, AZƏRTAC

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının (FAT) 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.

Direktor innovativ məktəb kimi fəaliyyət göstərən Bakı Avropa Liseyində şagirdlərin inkişafına böyük təsir edən və müasir dövrdə təhsildə inteqrativ proqram kimi cəmi 3 ölkədə həyata keçirilən FAT proqramının tarixindən, 30 il ərzində liseydə çox böyük müvəffəqiyyətlə tətbiq olunmasından danışıb. Qeyd edilib ki, liseyin nailiyyətlərinin səbəbləri təhsil müəssisəsində yaradılan inkişafedici mühitin, müəllimlərin yüksək peşəkarlığı və təhsil sahəsində elm və praktikanın vəhdətidir.

Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova, FAT proqramının həmmüəllifi, psixologiya elmləri doktoru, Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin professoru Natalya Şumakova, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış ediblər.

Bakı Avropa Liseyinin direktoruna və FAT müəllimlərinə Elm və Təhsil Nazirliyinin fəxri fərmanları və təşəkkürnamələri verilib.

Tədbirin bədii hissəsində “FAT proqramı gələcəyi yaradanları yetişdirir” mövzusunda konsert-tamaşa təqdim olunub. Tamaşada liseyin şagirdləri FAT proqramının mahiyyətini açıqlayan səhnəciklərlə çıxış edərək öz istedadlarını qeyri-adi rəqs nömrələri, mahnılarla nümayiş etdiriblər.

Yubiley tədbirində Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, valideynlər və liseyin məzunları iştirak ediblər.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla