AZ

Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL

Xəbər verdiyimiz kimi, Xalq artisti Nurəddin Mehdixanlı Şuşanın simvolu olan Xarıbülbül gülünü Cəlilabadın Tahirli kəndində yetişdirib. Həmin çiçəyi illər öncə aktyora xalq artisti Firəngiz Mütəllimovanın anası verib.
 
Aktrisa bu haqda Moderator.az-a danışıb.
 
“O vaxt bir çox sənətkarlar Şuşaya səfər edəndə mütləq bizə gedirdilər. Mən evdə oldum yaxud da olmadım ailəm onları qarşılayırdı. O vaxtı Nurəddin Mehdixanlı qardaşı Habillə bizə gedəndə mən Bakıda işdə idim. Amma Nərgiz bacım və digərləri, anam, atam hamısı Şuşada idilər. Mən də bilirdim ki, Nurəddin bizə gedir. Anam onlar üçün gözəl süfrə açıb, Qarabağın məşhur qırxbuğumlu plovunu hazırlayıb. Sağollaşıb gedəndə anam onlara Xarıbülbül gülünü verib. Mənim anam gülpərəst idi. Harada gözəl gül var idisə həyətimizdə becərirdi. Nurəddin də gətirib onu doğma Cəlilabadın Tahirli kəndində dağın başında əkib. Anam Nurəddinə bənövşə dəstəsi də verib. Xarıbülbülün Cəlilabadda yayılması bu hadisə ilə bağlıdır. Bilmirdim ki, bu gül Nurəddingilin kəndində yetişib. Çox sevindim”,- deyə aktrisa bildirib.
 
O daha sonra əlavə edib:
 
“Bilirsiniz ki, Xarıbülbül çox kaprizli bitkidir, Şuşadan başqa heç yerdə bitmir. Bəzən həyatda möcüzələrə də inanmaq lazımdır. O vaxt İbrahim xanın qızı İranda nə qədər gulləri yetişdirib, təkcə Xarıbülbül bitməyib. O da bilir harada bitmək lazımdır. Dağ başında, hündür yerlərdə bəlkə də bitə bilər. Çünki çox rayona aparıblar, amma becərə bilməyiblər. Anam gulləri tanıyırdı. İsmayıllıdan bir qohumumuz anama bənövşə gətirmişdi. Elə sevindi ki. Gülü götürüb qoxladı və dedi ki, “bunu suya qoyun, bu bənövşə Şuşanın bənövşəsinin qoxusunu vermir”. Ondan sonra da anam Şuşa bənövşəsinə şeir yazdı”.
 
 
Seçilən
88
1
Mənbələr
Şərh ()
Bağla