AZ

İran səfiri təlimatları haradan alır?

Mehdi Sübhaniyə suallarımız var

Özünün xarici siyasət vektorlarını əməkdaşlıq, tərəfdaşlıq, sülh və sabitlik kimi qlobal dəyərlər üzərində inkişaf etdirən Azərbaycan hər zaman qonşu ölkələrə qarşı münasibətdə seçilib. 30 ilə yaxın ölkəmizə qarşı işğalçı siyasət yürüdən Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə ən yüksək səmimi əlaqələrdə maraqlı olduğunu bildirib və irəli sürüb. 2020-ci il Vətən müharibəsindən sonrakı mərhələdə isə bu münasibətlərin daha da istiləşməsi, yeni bir iqtisadi şəkil alması perspektivi müəyyən olunub. Azərbaycanın bölgədə sülh və sabitlik yaratması, separatizmin sonunu göstərməsi bütün qonşu dövlətlər üçün yeni üfiqlər yaradır. Bu, isə öz növbəsində əlaqələrin həm ikitərəli, həm də çoxtərəfli formatda inkişafı üçün münbit zəmindir. 

Eyni zamanda, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, suverenliyini bərpa etməsi beynəlxalq hüququn, ədalətin bərpasıdır. Regional təhlükəsizlik arxitekturasına xüsusi töhfə sayılan və Azərbaycanın qəti qələbəsi ilə bitən müharibə ədaləti bərpa edib. Çünki Ermənistanın işğalçı olması faktı bütün beynəlxalq təşkilatların qətnamələrində öz əksini tapmışdı. Azərbaycanın ərazi bütövlüyü məsələsi şərqli-qərbli bütün cəhətlərin aparıcı təşkilatlarının qətnamə və qərarlarında, bəyannamələrində qırmızı xəttlə keçirdi. Beləliklə, Azərbaycanın apardığı haqq döyüşü hər kəs tərəfindən qəbul olunurdu. 

Sübhani İranı təkzib edir...

Qəribə haldır ki, Azərbaycan ilə qonşu olan İranın Ermənistandakı səfiri bu kimi reallıqları “öz kasası” ilə ölçmək istəyir. Təmsil etdiyi dövlətin fikirlərinə belə hörmət qoymayan, adi diplomatik etiket qaydalarını mənimsəməmiş, diplomata yaraşmayan fikirlər irəli sürən səfir Mehdi Sübhani bildirib ki, “İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb”.

Birincisi vurğulandığı kimi, Azərbaycan 30 ilə yazın işğal altında olan ərazilərini işğaldan azad edib və bunu necə etməsindən asılı olmayaraq bərpa olunan ilahi ədalətdir. Sübhani unudur ki, Ermənistanın işğalçı olması faktı təmsil etdiyi İranın da üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatının qətnamələrində dəfələrlə əksini tapıb. BMT Təhlükəsizlik Şurası Ermənistanı işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çəkilməsini tələb etməklə, dolayısı ilə rəsmi İrəvanı işğalçı adlandırıb. 

İkincisi, İran dövləti nə üçün bu məsələ ilə bağlı öz səfirinə lazımi “qulaqburması” vermir. Axı, səslənən bu iddialı fikir İranın özünün siyasi imici üçün təhlükəli bir məqamdır. Çünki Sübhani “erməni sevigisindənmi” yoxsa “Qərbin pulundanmı” vəcdə gələrək bu kimi çağırışları ilə İran dövlətin pis vəziyyətdə qoyur, sanki bu dövləti işğala, separatizmə dəstək verir görüntüsünü yaradır. İran bu fakta qəti etiraz etməli və səfirini cəzalandırmalıdır. Bu, Tehranın özünün siyasi imicini qoruması üçün vacib şərtdir. 

Səfir dağıdılan  məscidlərdən 

niyə danışmır? 

Mehdi Sübhani işğalçı dövlətin əsgərlərinin məhvini, faktiki olaraq, “faciə” kimi təqdim edir. Sübhani nə üçün həm özünə, həm də oturduğu ölkənin rəsmilərinə sual vermir ki, öldürülən erməni əsgərləri Azərbaycan ərazisində nə gəzirdilər? Sübhani niyə sual vermir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalına göz yuman ölkələr niyə 2020-ci ilə qədər ağzına su alıb oturmuşdu? Bölgədə real təhdid yaradan, terror əsdirən Ermənistanın addımları niyə qınanmırdı?.. 

Azərbaycan dünyada İslam həmrəyliyinin gücləndirilməsinə də öz tövhələrini verməkdədir. İstər ölkə daxilində dini rituallara hörmətlə yanaşılması faktı, istərsə də İslam ölkələri ilə əməkdaşlığın inkişafı yönündə atılan addımlar bunu deməyə əsas verir. Amma Şuşa məscidini dağıdan, Qubadlı məscidində heyvan saxlayan, Ağdam məscidini təhqir edən, Zəngilan məscidini yerlə-yeksan edən erməniləri qardaş adlandıran Sübhani özünə hansı haqqla “müsəlman” deyir? Təcavüzkarlığı ilə yanaşı vandallığı da Sübhaniyə yaxşı “əyan olan” ermənilərin Azərbaycan torpaqlarındakı İslam tarixinə, İslam mədəniyyətinə, İslam inancına söykənən abidələrə qarşı təhqirəmiz davranışı iranlı səfiri narahat etməyibmi? Bu sualların cavabı da bəllidir - Sübhaninin erməni sevdası onun nəinki siyasi kimliyindən, hətta mənəvi səviyyəsizliyindən xəbər verən ən real konturlardır. İşğalçı Ermənistan Azərbaycanın kəndlərini, şəhərlərini dağıdarkən, viran qoyarkən, məscidlərini təhqir edərkən məhz Sübhani kimilərdən “dəstək” alırdı. Evlərimizi daş-daş, kərpic-kərpic söykərək daşıyan “sübhanilər” bu gün hansı haqqla, dindən, imandan ədalətdən və ya həqiqətdən danışır? 

İran susur, Sübhani cəfəng fikirlərinə davam edir...

Maraqlıdır, rəsmi Tehran anlayırmı ki, onun Ermənistandakı səfiri Qərbli həmkarlarına qoşularaq ölkəsinin ayağının altına “mina düzür”? Halbuki 5 aprel görüşü ilə bağlı ortaya çıxan hərbi təhdid məsələsində ən real hədəflərdən biri məhz İrandır - ABŞ ilə Ermənistan arasındakı gizli razılaşmada bununla bağlı ayrıca bənd mövcuddur. Birləşmiş Ştatlar Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, İranla sərhədə xüsusi diqqət yetirməklə sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək üçün lazımi yardım göstərməyi “planlaşdırır”.

Sübhani ölkəsini təhdid edən Ermənistandan, onun himayədarlarından “hesab sormağı” unudub. Rəsmi Tehran isə regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox “qırmızı xəttdən” danışan ölkə sayılırdısa belə, susur. İranın maraqları açıq şəkildə zərbə altındadır - səfir Sübhani isə ABŞ və Fransa səfirlərinə qoşularaq ziyafətlərdə gəzir. İran anlayırmı ki, Ermənistanın “əməkdaşlıq” pərdəsi altında ABŞ və ya Aİ-nin hərbi gücünü bölgəyə yerləşdirməsi Tehranın planlarına uyğun deyil? Perspektivdə həmin bölgəyə yerləşdirilən qüvvələrin məhz rəsmi Tehran üçün rəqiblərinin cızdığı yeni planlar artıq ehtimaldan çox həqiqətdən xəbər verir. Bu gün İrana qarşı aktiv sanksiyalar və embarqolar tətbiq edən Aİ, ABŞ, kollektiv Qərb onsuz da “mülki missiya” adı altında onun sərhədlərinin kənarında kəşfiyyat işləri aparır. Yeni dönəmdə Ermənistanın “hərbi pakt” üzərindən ABŞ və Aİ-ni leqal şəkildə öz sərhədləri daxilinə buraxması isə Tehrana qarşı hərbi planların aktiv fazaya qədəm qoymasını belə mümkün edə bilər. Amma təəssüf ki, İran susur, səfiri Sübhani isə ...

SADİQ

Seçilən
84
10
Mənbələr
Şərh ()
Bağla