AZ

“Beşinci kolon”a verilən yeni tapşırıq

Azərbaycandakı redikül müxalifət düşərgəsinin təmsilçilərinin sosial şəbəkə sərgüzəştləri bitib-tükənmir. Real siyasi mübarizə meydanında sivil qaydada fəaliyyət sərgiləməyə cəsarətləri çatmayan, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən iqnor ediləcəklərini yaxşı anlayan rediküllər son vaxtlarda müxtəlif sosial şəbəkə platformalarında fəallaşıblar. Əlbəttə, hansısa səmərəli bir təklifin, ümummilli ideyanın irəli sürülməsindən söhbət gedə bilməz. Çünki, bir tərəfdən, rediküllərdə intellektual potensial, analitik təhlillər aparmaq və optimal proqnozlar vermək səriştəsi yerli-dibli yoxdur. Digər tərəfdən, onların məqsədləri ilə ölkənin, xalqın milli maraqları, indiki çətin geosiyasi reallıqlar fonunda müəyyənləşdirilən hədəflərimiz arasında hansısa bir bağlılıq yoxdur. Redikülləri bir araya gətirən sırf korporativ istəklərdir. Onlar məhdud maraqlarının təmin olunmasının yeganə mənbəyi qismində Azərbaycana düşmən münasibəti bəsləyən ayrı-ayrı Qərb dairələrinin qrantlarını görürlər. 

Rediküllərin 5 aprel görüşü ərəfəsində fəallaşmaları təsadüfdürmü?

Zaman-zaman redikül düşərgə təmsilçilərinin Soros Fondu,  Milli Demokratiya İnstitutu, Demokratiyanı Dəstəkləyən Milli Fond (USAID, NED) və digər Avropa təsisatları ilə sıx əlaqələri üzə çıxıb. Bu qurumlar ayrı-ayrı yaxın və uzaq ölkələrə “rəngli inqilablar” bəhanəsi ilə dağıntılar, səfalət gətirib. Belə ssenarilər Azərbaycan üçün də hazırlanmışdı və həmin planlarda rediküllər müxtəlif rollar almışdılar. Zamanında Bakı küçələrində sosial şəbəkələr üzərindən idarə olunan yürüş-mitinqlərə milyonlarla ABŞ dollarının xərcləndiyi barədə məlumatlar hələ də yaddaşlardan silinməyib. O pulların böyük hissəsi Əli Kərimlinin nəzarəti altında rediküllər arasında bölüşdürüldü və Qərbə saxta hesabatlar hazırlanıb ötürüldü. 

Qərbin bədnam dairələri ilə milli satqınlar ordusunun - “Beşinci kolon” təmsilçilərinin çirkin işbirliyi uzun illərdir ki davam edir. Həmin dairələr Azərbaycanın uğurlarını, möhtəşəm qələbələrini şərtləndirən fundamental dayaqları - cəmiyyətdəki sabitliyi, milli həmrəyliyi hansı yollarlasa zədələməyə çalışır və bunun üçün vəsaitlər yönəltməyə xəsislik göstərmirlər. İşi-gücü bəlli olmayan rediküllər də qrantlar müqabilində milli maraqlarımızla daban-dabana ziddiyyət təşkil edən Qərb tezislərini qəbul etməyə  məmnuniyyətlə razılıq verirlər. Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmiləri arasında baş tutan üçtərəfli görüşdən dərhal sonra rediküllərin sosial şəbəkələrdə fəallaşmaları və qəfildən “seçki mitinqi” anonsu etmələri ikrah doğuran Qərb dairələri- “Beşinci kolon” işbirliyinin real təzahürüdür. Bəhs olunan görüşün Azərbaycan əleyhinə yönəldiyi bəllidir. Bu günlərdə həmin görüşün gizli məqamları üzə çıxdı. Məlum oldu ki, üçlü ittifaq ölkəmizə qarşı yönələn hərbi əməkdaşlıq barədə razılığa gəliblər və bununla bağlı sənəd imzalayıblar. Belə zərərli fəaliyyətlə paralel şəkildə Azərbaycana qarşı “qara piar” təbliğatı da işə salınıb. Bununla bağlı Azərbaycandakı “Beşinci kolon” təmsilçilərinə də tapşırıqlar verilib. Anonsu edilən “seçki mitinqi” indiki həssas məqamda ölkədəki daxili sabitliyə xələl gətirməyə, cəmiyyətdə ümidsizlik ovqatı yaratmağa hesablanıb. 

Hədəf cəmiyyətdir

Hazırda Azərbaycanda mitinq keçirməyə hansısa bir sosial sifariş yoxdur. Hökuməti və cəmiyyətimizi, rəngarəng siyasi konfiqurasiyada yer alan təsisatları ümummilli məqsədlər qayğılandırır. Fəaliyyət sferaları genişdir və hər kəsin görəcəyi çox iş var. İndi hansı zəmanədir ki, mitinqlərlə problemlər həll olunsun?  

Anonsu edilən kütləvi aksiyaya “seçki mitinqi” adının verilməsi də absurddur. Rediküllərin seçkilərə münasibətini cari ilin əvvəlində gördük. Özünü siyasi partiya adlandıran AXCP-nin seçkilərdən kənarda qalması, marafona qoşulmağa cəsarət etməməsi utancvericidir. Hər hansı siyasi partiyanın fəaliyyətinin səmərəliliyi məhz seçkilərdə üzə çıxır. Çox doğru olaraq seçkilər liderlərin, siyasi partiyaların fəaliyyətlərinin barometri kimi də səciyyələndirilir. Seçkilərdə məhz fəaliyyətləri ilə cəmiyyətdə konsensus yaradan siyasi təsisatların nümayəndələri fərqlənirlər, qalib olurlar. Məgər belə fəaliyyəti Əli Kərimliyə və onun çiyindaşlarına şamil etmək olarmı? Cavab qısa və qətidir: Əsla! Onların əməlləri bir qayda olaraq ölkədə qarşıdurma, xaos yaratmağa hesablanır ki, bu da cəmiyyət tərəfindən təpkilərlə qarşılanır.

Təbii ki, rediküllər Azərbaycan xalqının onlara mənfi münasibət bəsləməsinin, çağırışlarının arxasınca getməməsinin fərqindədirlər və bunun da hirsini, hikkəsini tökməyə ünvan axtarırlar. Ünvan isə elə cəmiyyətimizdir, xalqdır. AXCP indi də antimilli ünsürləri rədd edən, onların “mitinq” çağırışına məhəl qoymayan və ciddiyə almayan xalqı hədəf seçməyə, təhqiramiz kampaniya aparmağa başlayıb.  Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zahid kimiləri xalqı “cahil kütlə” adlandırır, öz uğursuzluqlarını cəmiyyətdə axtarmaqla diqqəti yayındırmağa çalışırlar. Deyə bilərik ki, bu gün Azərbaycan cəmiyyəti ilə rediküllər arasında bir uçurum var. Onlar antimilli fəaliyyətlərini davam etdirdikcə bu uçurum daha da dərinləşir...

Mübariz ABDULLAYEV

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla