AZ

Azərbaycanla savaşa girmək istədilər - Əliyev son anda qarşısını aldı

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan 4 kəndin qaytarılması, sərhəd və sülh məsələləri barədə pozitiv sayıla biləcək açıqlamalar verdi, həmçinin düşmənçiliyə son qoymaq, Azərbaycanla əlaqələr qurmaq istədiyini söylədi. Bəs onun bu yöndə bir hərəkət planı varmı, nəhayət, onun səmimiyyətinə inanmaq olarmı?

- Paşinyanın dediklərinə inanıram. O, erməni xalqını təkcə bir mövzu ətrafında tənqid eləmir. Paşinyan dönə-dönə ermənilərin bir çox mövzularda aldadıldığı, miflərlə yaşadıqları və yalanların içinə çəkildiklərini deyir. Məsələn, o söyləyir: “Mənim vəzifəm bir də ona görə çətindir ki, mən keşişlər və onların yanlarında sülənən saxta tarixçilərin uydurmalarının təsiri altında formalaşmış bir xalqı dəyişib, mövcud reallıqlara inanan və bu reallıqları qiymətləndirə bilən, bunlara uyğun davranan bir xalqa çevirməliyəm”.

Məncə, bu sözlərində səmimidir, inanmaq olar. Düzdür, ermənidir, çalışacaq ki, sərhədlə bağlı bəzi məsələlərdə Azərbaycanın mövqeyi ilə razılaşmasın, amma onun ümumilikdə sülhdən qaçacağını düşünmürəm. Heç qaçmağa yeri də yoxdur. Bütün məsələlər qarşılıqlı razılaşma tələb edir. Zənnimcə, bu adamla danışıqları davam etdirib razılaşmaya gəlmək olar.

- Rusiya rəsmisi Mariya Zaxarova Ermənistanın ABŞ və Avropa Birliyi tərəfindən silahladırılması məsələsini gündəmə gətirdi. O, bu planının üçtərəfli Brüssel görüşündə razılaşdırıldığını dedi. Belədirsə, mümkündürmü ki, tez-tez sülhdən danışan Paşinyan həm də Azərbaycanı arxayın salmağa çalışır və gizlicə öz işini görür, hərbi balans yaradıb Ermənistan üçün əlverişli şərtlər formalaşdırmağa cəhd göstərir?

- İstənilən ölkə öz hərbi potensialını yaxşılaşdırmağa, artırmağa çalışır. Xüsusən də o ölkə ki, kapitulyasiya aktına imza atıb, ağır məğlubiyyət yaşayıb. İndi xristian ölkələri – ABŞ, Avropa Birliyi, xüsusən də alçaq Fransa Paşinyanı qızışdırır, radikal addımlar atmağa sövq etmək istəyir. Amma mən onun buna gedəcəyini düşünmürəm. Düzdür, silah alacaq, ordunu gücləndirməyə çalışacaq. Amma Ermənistanın güc baxımından Azərbaycanla eyni səviyyəyə çatacağını və ya bundan artığını edə biləcəyini düşünmürəm.

Ona da inanıram ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə reallığı nəzərə alaraq Ermənistanı Azərbaycanla müharibəyə çəkməyəcək. Əksinə, onun Ermənistan tarixnə sülh müqaviləsini imzalamış lider kimi düşməyə çalışdığını zənn edirəm. Paşinyanın sülh müqaviləsini imzalamadan devrilməsi də mümkündür, bu başqa məsələdir.

Zaxarovanın açıqlamasına gəlincə, bu, Rusiya təfəkkürünün məhsuludur. Biz uşaq deyilik ki, başımızın altına yastıq qoysunlar. Nə qədər ki, Paşinyan Ermənistanda hakimiyyətdədir, sülh müqaviləsini imzalamaq lazımdır. Çünki erməni xalqının içində yaxşılar çox az olur, Azərbaycanı – türkü sevməyənlərin sayı həddindən artıq çoxdur. Məsələn, Paşinyanın yerinə Sərkisyan, Köçəryan kimi – keşişlər və saxta tarixçilərin əhatəsində formalaşmış, türkü sevməyən bir adam gəlsə, sülh prosesi dayanacaq, gərginlik və müharibə ehtimalı qalacaq.

- Zaxarova qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini də gündəmə gətirdi, bunun əhatəli plan tələb etdiyini söylədi. Rusiya niyə bu mövzuya üz tutmağa başlayıb?

- Arada haqq sözü də deyirlər. Zaxarova da, Putin də çox yaxşı bilir ki, indiki Ermənistanın bütün ərazisində İrəvan Xanlığı olub, yəni Azərbaycanın tarixi torpaqlarıdır, əhalisinin 93 faizini azərbaycanlılar təşkil edib. Açıq deməsələr də, bu haqda məlumatları var. Bir neçə dəfə azərbaycanlılar oradan zorla deportasiya edilib, qırğınlara məruz qalıb və sair.

Dünənə qədər erməniləri müdafiə edirdilər, ağ yalanlarla ermənilərin xeyirlərinə danışırdılar. İndi ermənilərdən inciyiblər, yarımçıq da olsa, həqiqətləri söyləməyə başlayıblar. Zaxarova da bu həqiqəti dilə gətirr. Bu həqiqəti sübut etmək üçün əsrlərlə qabağa getmək lazım deyil, 100 il əvvəlki durumu göz önünə gətirmək bəsdir.

- Rusiya sülhməramlıları niyə Azərbaycan ərazisini tərk edirlər?

- Əlbəttə, sülhməramlıların Azərbaycandan çıxmaları adamı sevindirir, amma həm də düşündürür. Bunu qəfil necə olduğunu söyləmək çətindir. Maraqlıdır: 2025-ci ilədək möhlət istəyən, hətta çıxmaq istəməyən Rusiya qəfil, bir gecənin içində qəbul edilmiş qərarla çıxıb gedir. İndiyədək Rusiya ordusu girdiyi yerdən belə sakit çəkilməyib, bu dəfə fərqli oldu. Bəli, sevinirəm, amma səbəbi haqda da düşünürəm. Hər halda, böyük hadisədir.

- ABŞ niyə sülhməramlıların çıxmasına etiraz elədi, əksinə, bunu alqışlamalı deyildimi?

- Siyasi riyakarlıqdır. Bu, həqiqətin mövqeyində dayanmamaqdır. İlk dəfədir ki, Amerika riyakarlığına bu qədər hiddətlənirəm. Təəssüf edirəm. Yəni o, indiyədək sənin mübarizə apardığın Rusiya deyil, bunu istəmirdin? Bəlkə istəyirsiniz ki, sülhməramlılar qalsın, siz də erməniləri təkrar qaytarasınız, ruslar da “sülhməramlı missiya”nı yerinə yetirsinlər? Başqa bir izah tapa bilmirəm.

Ümumiyyətlə, özünü “demokratiyanın beşiyi” adlandıran Amerikanın son dövrlərdəki siyasəti, Azərbaycan və Ukraynaya qarşı münasibətinə baxanda, bu ölkənin içinin kin-kudurətlə dolu olduğunu görməmək mümkün deyil. Yeri gələndə haqqı nahaqqa verməyə hazır olduğunu da göstərir.

Amerika son 15 ildə bir neçə ölkəyə girib. Sonda nə olub? Sonda bu ölkələri pis vəziyyətdə qoyaraq, düşmənlərin ayağına verərək qaçıb. Liviyada da, İraqda da, Əfqanıstanda da, Suriyanın özündə də belə olub. İndi də Ukraynanı bada vermək istəyirlər. Faktiki olaraq Ukraynaya yardımı dayandırıblar və davam etdirmək istəmirlər. Belə biabırçılıq və riyakarlıq olmaz.

- İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni əsgərlərinin Qarabağda İsrail silahları ilə öldürüldüyünü dedi. Üstəgəl, “Ermənistanın İranın qırmızı xətti olması” hədyanını təkrarladı. Bu açıqlamanın izahı nədir, niyə Azərbaycana düşmənçilik məsələsində İran Ermənistanın önünə keçməyə çalışır?

- Mən onu düşmənçilikdən çox avamlıq, riyakarlıq, nankorluq və reallığı anlamamaqda təqsirləndirərdim. Bu narkotik alverçisi (Sübhani) başa düşmür ki, onun ölkəsinin əhalisinin 60 faizdən çoxu azərbaycanlıdır. Bu yaramaz anlamırmı ki, torpaqları işğal olunmuş xalq BMT Nizamnaməsinə uyğun olaraq istənilən ölkədən silah alıb öz ərazilərini azad etmək hüququna malikdir? Biz də belə etdik.

Guya biz qətliam da törətmişik, bunu da deyib. Bir bisavad, bir-iki ayədən başqa heç nə bilməyən bundan artıq nə söyləyə bilər? O siz deyildinizmi ki, Vətən Müharibəsi zamanı Arazboyu irəliləyən Azərbaycan hərbçilərinin yolu üzərində - Xudafərin istiqamətində beton piltələr düzdünüz, ətrafında da 12 əsgər qoydunuz? Əsgərlərin də hamısı güney azərbaycanlı idi. Məkrli niyyətiniz də bu idi ki, azərbaycanlı ilə azərbaycanlı döyüşsün. Amma o zaman bizim Ali Baş Komandan İlham Əliyev müdrik qərar verdi, belə bir döyüşə girmədik. Amma biz İranın bu maneəsi ilə üzləşməsəydik, müharibəni ən azı üç gün daha tez qurtara bilərdik. Üç gün gecikdik! Bu xainlərin bu cür əməlləri ucbatından...

Adlarını da “müsəlman” qoyublar. Sizdə müsəlmanlıq yoxdur, başqa xalqlara qarı düşmənçilik var, ilk növbədə türklərə qarşı. Bu nifrətləri axırda elə özlərini bitirəcək. İndi durub yaramaz erməniləri qızışdırmağa çalışır, digər yandan da Ermənistanda narkotik ticarətinə başçılıq edir. Ən müxtəlif media mənbələrində bu adamın narkomaniyanı müdafiə etdiyi, Ermənistanda da narko-mafiyaların işinə yaradığına dair fikirlərə rast gəlmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla