AZ

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

G7

Bakı, 20 aprel, AZƏRTAC

G7 (Böyük yeddilik) qrupu ölkələri Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemini gücləndirmək, təhlükəsizlik sahəsində Kiyevə yardımı artırmaq niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin Ukraynadakı vəziyyətlə bağlı bəyanatında deyilir.

“Biz Ukraynanın hava hücumundan müdafiə potensialını qətiyyətlə gücləndirmək niyyətindəyik... Bu kontekstdə biz Almaniyanın təklif etdiyi “Immediate Action on Air Defense” (HHM ilə bağlı təxirəsalınmaz tədbirlər) təşəbbüsünü yüksək qiymətləndiririk… Biz Ukraynaya müdafiə və təhlükəsizlik sahəsində yardımımızı artırırıq və bu ölkəyə yardım göstərmək üçün istehsal imkanlarımızı genişləndiririk”, - məlumatda qeyd olunur.

Bildirilir ki, qeyri-formal birliyin üzvü olan ölkələr Böyük yeddilik qrupunun bəzi ölkələri və digər dövlətlər tərəfindən imzalanmış Ukrayna ilə xüsusi ikitərəfli uzunmüddətli təhlükəsizlik öhdəliklərinin və müqavilələrinin işlənib hazırlanmasını başa çatdırmağı və həyata keçirməyi planlaşdırırlar.

G7 qrupu dövlətlərinin xarici siyasət idarələrinin rəhbərləri, həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə bağlı Aİ-nin qanunvericilik aktlarının qəbul edilməsini alqışlayıblar.

Böyük yeddilik ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirmək, Rusiya Federasiyasının sanksiya blokadasını aradan qaldırmaq üçün gördüyü tədbirlərlə mübarizə aparmaq və Rusiya Federasiyasının müdafiə sənayesinin inkişafına kömək edən bütün ölkələrə qarşı məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Bu barədə Kapri adasında üç günlük görüş başa çatdıqdan sonra G7 qrupu ölkələrinin xarici işlər nazirlərinin birgə yekun bəyanatında deyilir.

“Biz Rusiyaya qarşı sanksiyaları tam şəkildə tətbiq etmək və lazım gəldikdə, yeni məhdudiyyətlər qoymaq niyyətindəyik. Üçüncü ölkələrlə sıx əməkdaşlıq da daxil olmaqla, sanksiyalarımızdan və ixrac məhdudiyyətlərimizdən yayınmaq və onları aradan qaldırmaq cəhdlərinə qarşı mübarizə aparmağa davam edəcəyik… Rusiyaya silah istehsalında və hərbi-sənayenin inkişafında kömək göstərən, ləvazimatların və avadanlığın alınmasına yardım edən şirkətlərə və üçüncü ölkələrin vətəndaşlarına da əlavə sanksiyalar tətbiq edəcəyik” – bəyanatda qeyd olunur.

 

Seçilən
167
2
Mənbələr
Şərh ()
Bağla