AZ

Rəsmi Parisə növbəti dəfə qapını göstərdilər

Yaxud Yelisey sarayı əkdiyini biçir…

Fransa İkinci Qarabağ müharibəsindən, eləcə də lokal antiterror tədbirlərindən sonra regionda formalaşan yeni geosiyasi reallıqları həzm edə bilmir.  Bu səbəbdən də rəsmi Paris anti-Azərbaycan fəaliyyətini getdikcə gücləndirir. 2024-cü il fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialar səsləndirməsi bunun əyani təsdiqidir.

Cənubi Qafqazda vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarından olan Fransa zaman-zaman müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürüdərək ölkəmizin haqqında beynəlxalq aləmdə mənfi imic yaratmaq üçün daim işğalçı Ermənistanın yanında olub, ədalətsiz mövqe nümayiş etdirib.

Fransa ölkəmizi birtərəfli addımlarda tam əsassız şəkildə təqsirləndirərək Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edib. Rəsmi Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib. Fransa xüsusilə son 3 il yarımda atdığı addımlarla Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

Birmənalı demək olar ki, Emmanuel Makron dövlət başçısı seçildikdən sonra Fransa hökuməti islamofob və Azərbaycanofob fəaliyyətini daha da gücləndirib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Paris demək olar ki, ölkəmizə qarşı əsl “səlib yürüşü” elan edib. Fransa Senatı dəfələrlə ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edib. Məhz E.Makronun yürütdüyü ikiüzlü, riyakar və neokolonialist siyasətin nəticəsində hazırda Fransada Azərbaycan əleyhinə zəhərli lobbiçilik fəaliyyəti pik nöqtəsinə çatıb. Həmçinin Fransanın Azərbaycandakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün ölkəsinə geri çağırılmasını Parisin anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Səfirin Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilməsi, eləcə də bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycanın “son aylarda iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləri” davam etdirməkdə ittiham olunması bunun əyani təsdiqidir.  

Fransa öz rekordunu təzələyir: Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur

Şübhəsiz, Ermənistan üzərindən Cənubi Qafqazda yerləşmək üçün neoimperialist siyasəti yürüdən Fransa Azərbaycana qarşı qərəzli ritorikası ilə, eləcə də ölkəmizdəki səfirini geri çağırmaqla istədiyi nəticəni əldə edə bilməz. Yelisey sarayı unutmamalıdır ki, bütün bu qərəzli yanaşmalar mütləq bumeranq effekti verəcək. Belə ki, Azərbaycan bu ölkənin müstəmləkəçi siyasətinə qarşı əzmlə mübarizə aparır. Bu məqsədlə Bakı Təşəbbüs Qrupu yaradılıb. Aprelin 18-də Milli Məclisdə “Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş elmi konfransda içtirak edən Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından bəhs edib. Omayra Naisselin vurğulayıb ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır.

Omayra Naisselin Azərbaycan parlamenti ilə imzalanan memorandumu Yeni Kaledoniya üçün həm də “yol xəritəsi” adlandıraraq bildirib ki, bu sənəd Fransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısının alınmasına öz töhfəsini verəcək.

Əvvəllər də yazmışdıq ki, Yelisey sarayı unutmamalıdır ki, yürütdüyü neokolonial siyasət, ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq artıq bumeranq effekti yaradır. Nüfuzlu “Observer Online” nəşrinin aprelin 18-də dərc olunan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilib ki, bütün bunlara görə Fransa dövlət strukturları növbəti dəfə Parisin imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər: “Azərbaycanın təhlükəsizlik orqanında gedən cinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non-qrata” elan edib Parisə yola salan Bakının təcrübəsini bir neçə dövlət xüsusi həvəslə davam etdirir. Burkina-Faso 16 aprel 2024-cü il tarixli notası ilə 3 fransız diplomatı pozucu fəaliyyətlərinə görə “persona non-qrata” elan edərək ölkədən çıxarılmalarını təmin edib. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir”.

Məqalədə qeyd edilir ki, Fransa Respublikasının xaricdəki səfirləri arasında E.Makronun ən yaxından tanımağa məcbur olduğu yeganə səfir - Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə baş verənləri Parisdən izləyir.

Çanaq Fransanın öz başında çatlayacaq…

Rəsmi Paris yadda saxlamalıdr ki, Fransanın dünyanın ayrı-ayrı bölgələrində, Afrikada, Asiyada, Sakit Okean adalarında yüz illər boyu sərgilədiyi müstəmləkəçi siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə Cənubi Qafqaza daxil olmaq cəhdləri heç bir nəticə verməyəcək. Nəhayət, Yelisey sarayı tezliklə Azərbaycana qarşı ədalətsiz mövqeyinə, qərəzli addımlarına, eləcə də imperialist siyasəti ilə xalqları əsarətdə saxlamaq siyasətinə son qoymalıdır. Əks təqdirdə çanaq Fransanın öz başında çatlayacaq…

Zahid Rza, “İki sahil”

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla