AZ

Hacı Nuranın Zülfüqar Ağaya “Buqatti” verməkliyi...

Hacı Nuranın azərbaycanlıların “Qurdlar vadisi” filmindən “Zülfüqar ağa” kimi tanıdıqları türkiyəli aktyor və müğənni Xəlil İbrahim Kalaycıoğluya “Buqatti” hədiyyə etdiyini əks etdirən görüntülər yayılıb.

Bu məzmunsuz tamaşada iştirak edənlərin hamısı öz rolunu çox pis oynayıb – hətta Xəlil İbrahim də, baxmayaraq ki, adam “Qurdlar vadisi”ndə yaddaqalan obraz yaratmağı bacarıb.

Çünki ssenari pisdir, təqdimat, “kiçik hədiyyə” ifadəsinin özü sünidir. Xəlil İbrahim də zorən bu pis ssenaridə rol alır, nəsə imrovizə də etməyə çalışır, növbəti “Buqatti”nin qara rəngli olmasını istəyir.

Hər nəsə - bu ölkədə kiməsə “Buqatti” hədiyyə etməyə imkanı və ürəyi çatan kişilər az deyil, ancaq onların arasında Hacı Nuranın adı yoxdur. Hacı Nuran xeyriyyəçilik vasitəçisidir – missiyasını da uğurla həyata keçirir, sağ olsun, insanlara yaxşılıq edilməsinə vəsilə olur. Ona müəyyən şərait və daimi dəstək təmin olunur ki, missiyasını davam etdirə bilsin, ancaq bu o demək deyil ki, Hacı Nuran 1 milyonluq avtomobili kiməsə hədiyyə edəcək imkanlara sahib biznes adamıdır.

Bu, nəyin reklamıdır – bilinmir; kimə xidmət edir və alt yapısında nə dayanır – o da məlum deyil.

Məlum olan bu saxta “bəxşiş” ucuz-şousunun ictimai reaksiyasıdır və qətiyyən normal da deyil. Bir çoxları bunun həqiqət olduğuna inanıb da, çox ciddi etirazlar, tənqidlər və təhqirlər də səsləndirirlər.

Hər şey insanın miqyasına və ölçüsünə görə gözəldir. Məsələn, kimi deyik? – Vahid Ələkbərovu. Əgər o, kiməsə “Buqatti” bağışlayarsa, 1) mütləq subyektin vacibliyini nəzərə alacaq; 2) ictimai reaksiyanı hesablayacaq; 3) hamı da bunu normal qarşılayacaq...

O ki qaldı ölçüsünə, məsələn, Vahid Ələkbərov heç vaxt “Buqatti”ni “kiçik hədiyyə” olaraq təqdim etməz. Çünki adamın pul haqqında təsəvvürləri tamamilə fərqlidir, nə olsun ki, milyardları var, o milyardların hər bir senti uğrunda hər gün savaş aparır...

İnsanları ələ salmayın, xüsusilə Qalib Vətənin İgid Qazilərini belə düşük şoularla əsəbiləşdirməyin; layiq olmadığınız imkanlara İlahi-lütf sayəsində qəfildən yiyələnmisinizsə, bu, sizə milyona qəpik kimi baxmaq haqqı vermir: haqqı olmayanı zəhmətsiz əldə edənlər milyonla necə davranırsa, eyni mənəvi kimliklə intellekt baxımından milyardlıq dəyəri olan insana da qəpik kimi yanaşırlar.

Yəni bir növ Ermənistan kimi: heç nə özünün deyil, hər şey ordan-burdan gəlir, ancaq özünü “adam” hesab edir.

Onda bilirsiniz də nə olur?

Azərbaycan 4 ildir bütün dünyaya bunu başa salmaqla məşğuldur...

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla