AZ

"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"

"Yeni silah tədarükü İsrailin HƏMAS-la müharibəsi başlanandan ən böyük tədarüklərdən biri olacaq..."
 
"İsrail ABŞ-ın "blokdankənar" müttəfiqi statusuna malikdir və hər il amerikalılar yəhudi dövlətinin hərbi ehtiyaclarına 3, 8 milyard dollar ayrır..."
 
ABŞ prezidenti Co Bayden administrasiyası İsrail üçün bir milyard dollardan artıq məbləğdə silah üzrə yeni sövdələşmələr bağlanmasının mümkünlüyünü nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Söhbət sabah Amerika Konqresində Nümayəndələr Palatası tərəfindən səsə qoyulacaq İsrailə yardım paketi ilə yanaşı, əlavə tədarüklərdən gedir.
 
Müzakirə ediləcək sövdələşməyə tanklar üçün döyüş sursatları, hərbi texnika və minaatan mərmilər daxildir.
 
O cümlədən, 700 milyon dollar məbləğində 120 mm kalibrli tank döyüş sursatları, 500 milyon dollarlıq hərbi avtomobillər və 100 milyon dollarlıq 120 mm kalibrli minaatan mərmilərinin verilməsi planlaşdırılır.
 
Nəşr qeyd edir ki, İsrailə güman edilən silah tədarükləri "İsrailin HƏMAS-la müharibəsi başlanandan ən böyük tədarüklərdən biri olacaq". 
 
Lakin bu sövdələşmə Konqres tərəfindən təsdiq edilməsini tələb edir, ona görə də aylarla uzana bilər.
 
Amerika hakimiyyətinin adını açıqlamayan nümayəndəsi dəqiqləşdirib ki, sövdələşmə hələlik baxılma mərhələsindədir və hansısa detallar hələ dəyişilə bilər. Ağ Ev rəsmən bu məlumatı şərh etməyib.
 
Ağ Ev Demokratlar Partiyasının sol qanadının münasibətindən ehtiyat edərək dərhal izah edib ki, tədarük Amerika hökumətinin öz ehtiyatları hesabına ödəniləcək. 
 
Lakin bu heç də o demək deyil ki, sövdələşmə Amerika silahının Qəzzada qurbanlarının sayının yalnız artmasına gətirib çıxardığını hesab edən bir sıra konqresmenlər tərəfindən müqavimətlə üzləşməyəcək.
 
Dövlət Depatamenti və Pentaqon bununla bağlı şərh verməkdən imtina edib. Ağ Ev şərh etmək sorğularına cavab verməyib, İsrail Müdafiə Nazirliyi isə xarici KİV-lərin məlumatlarına münasibət bildirmir.
 
Xatırladaq ki, yalnız mart ayında "ABC News" telekanalı məlumat verib ki, ABŞ "Qəzzada müharibədən müəyyən məyusluq fonunda" İsrailə hərbi yardım tədarükünü ləngidib.
 
Eyni zamanda bəlli olub ki, Konqresin 50 deputatı, o cümlədən Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Baydenə İsrailə hücum silahının yeni tədarükünün dayandırılmasına çağırış edən məktub imzalayıb.
 
Əlavə edək ki, İsrail ABŞ-ın "blokdankənar" müttəfiqi statusuna malikdir. Hər il amerikalılar yəhudi dövlətinin hərbi ehtiyaclarına təxminən 3, 8 milyard dollar ayırır. Bundan başqa, döyüş əməliyyatları zamanı yardıma yönələn xüsusi yardım paketləri mövcuddur.
Seçilən
99
39
Mənbələr
Şərh ()
Bağla