AZ

Leverkuzenə daha heç kim “Neverkuzen” deyə bilməyəcək!

Dəfələrlə çempionluğun astanasında olsa da, heç vaxt bu hədəfə çata bilməyən “Bayer-04” 29-cu turda “Verder”i darmadağın etməklə tilsimi qırdı.

“Football-plus.az” xəbər verir ki, bundan sonra Leverkuzen təmsilçisinə daha heç kim “Neverkuzen” (“never” ingiliscədən tərcümədə “heç vaxt” anlamına gəlir) deməyəcək!

22 ilin ağrısı
Münhen nəhənginin 11 illik ağalığına, nəhayət, son qoyan tapıldı. Bütün bu müddət ərzində Almaniyada belə hadisənin gerçəkləşməsini, demək olar ki, hər kəs arzulayırdı. Əlbəttə, “Bavariya”nın azarkeşlərini çıxmaq şərti ilə. Leverkuzen bu ağrı ilə 22 il yaşadı. Düz 22 il əvvəl heyətində Ballakla Berbatovun da olduğu möhtəşəm komanda 11 gün ərzində həm Çempionlar Liqasının, həm də Almaniya kubokunun finalında uduzdu, üstəlik son iki turda uduzmaqla çempion titulunu da Dortmund “Borussiya”sına bağışladı. Bu dəfə isə “Bayer-04” bütün formallıqları 29-cu oyun günündə bitirdi. Necə deyərlər, başqa variant yox idi!

“Aspirinlər”i tarixi uğur münasibəti ilə təbrik edərkən “Bavariya” haqda da nəsə demək olar. Daha dəqiqi, bu haqda dərhal danışmaq lazımdı ki, mövzu birdəfəlik bağlansın. Münhenlilərin ənənəvi obrazından uzaq olmaları öz problemidi. Elə ötən mövsüm də Yulian Naqelsmann ağılsızcasına qovulandan və Tomas Tuxel “sükan arxasına” keçəndən sonra Almaniya nəhəngi həminki komanda deyildi. Sadəcə, “gümüşü salatqabı” Münhendə qaldı, hərçənd Dortmund “Borussiya”sının ovcunun içindəydi. Onu yalnız qamarlamaq qalırdı, ancaq “arılar” son turlarda özünə qəsd etdi. Bəli, onlar zədəli və fikri artıq Madriddə olan Bellingemsiz oynamalı oldu, ancaq sən ciddi nəyəsə iddia edirsənsə, hətta belə vacib oyunçunun itkisi də bəraət ola bilməz.

Yeri gəlmişkən, bir neçə il əvvəl oxşar hadisə yaşanmışdı. Onda Marko Roysun xidmətindən məhrum olan Dortmund onunla yanaşı, nəhəng xal fərqini də əldən verdi. “Leyptsiq”, “Frayburq”, “Union”, elə həmin “Bayer-04” də eyni aqibəti yaşayıb. Bu komandaların heç biri uzun turnir məsafəsi boyunca “Bavariya”nın təklif etdiyi tempə davam gətirə bilməyib. Və ya ötənilki “Borussiya” kimi titula mental baxımdan hazır olmayıb. Və yalnız leverkuzenlilər göstərdilər ki, “Bavariya” adlı kralı taxtdan salmaq üçün ona bərabər olmaq kifayət deyil. Daha yaxşı və güclü olmaq lazımdı. O dərəcədə güclü ki, tarixə düşəsən, bundesliqanın rekordlar kitabını yenidən yazasan. Həm də nəinki bundesliqanın, bəlkə də “böyük beşlik” ölkələrinin hamısının. Mövsümün əvvəlindən bəri 43 oyunluq məğlubiyyətsiz seriya “Yuventus”un rekordunun təkrarıdı.

Sürətli, sadə və aydın
Axı çoxları bu fikirlə barışıb ki, “Bavariya”dan güclü olmaq real deyil. Münhenlilərin daha çox pulu və daha nəhəng transferləri var. Onlar Levandovskini Keynə dəyişə, ən yaxşı məşqçiləri seçə, əsas rəqiblərinin ən parlaq ulduzlarını ələ keçirə bilirlər. Və günlərin birində Leverkuzenə Xabi Alonso gəldi. Hər şeyi dəyişən adam. Özü də dərhal! İspaniyalı mütəxəssis ötən mövsüm böhran yaşayan komandanı qəbul etdi və 6-cı yeri tutub Avropa Liqasına vəsiqə qazanmaqla ilk möcüzəni göstərdi. “Bayer-04”ün idman direktoru Simon Rolfes həmin dönəmi xatırlayarkən deyir ki, ilk gündən Alonsonun ideyalarını futbolçulara sürətli, sadə və aydın şəkildə çatdırmaq bacarığı onu heyran edib. Düzdü, top-liqalarda ilk iş təcrübəsini “Bayer-04” ilə qazanan ispaniyalı özü deyir ki, hər şey göründüyü qədər asan olmayıb. Alonso “The Guardian”a müsahibəsində komandanı yeniləməsinin sirlərini belə anlatmışdı:
“Əvvəlcə nəticələr yaxşı deyildi. Ancaq məndə belə hissiyyat var idi ki, kollektivin böyük hissəsi nəyisə dəyişməyə meyillidi. Xüsusən də müdafiə bölümü. Həmin vaxt çoxlu problemimiz var idi, o qədər güclü deyildik. Bu məqama daha çox fikir verirdik, nəinki topa yiyələnmək və nəzarət üslubuna. Əlifbadan başladıq, rəqabətədavamlı komandaya çevrildik. Bütün psixoloji aspektlər üzərində çalışmaq lazım gəldi. Ona görə ki, komanda ən yaxşı dönəmini yaşamırdı. Bu üzdən ilk aylarım böyük ölçüdə beyin işi ilə bağlı idi. Oyunçuların yenidən müsbət əhval-ruhiyyədə olmasını istəyirdim”.


Nəticədə ötən mövsümün finişində baş məşqçinin əlinin altında tam fərqli komanda var idi. Alonso komandanın daha yaxşı olması üçün nə etməli olduğunu dəqiq bilirdi. “Bayer”in yay “transfer bazarı”ndakı işi isə bütün güllələrin “10-luğ”a düşdüyü pulemyot atışına bənzədi. Caka, Qrimaldo, Hofmann, Bonifeys komandaya hədsiz tez uyğunlaşdı. Nigeriyalı uzun müddət müalicə alan Şiki unutdurdu, çexiyalı sıraya dönüb sanki heç uzunmüddətli fasilə olmayıbmış kimi qolları sıralamağa başlayandan sonra özü lazaretə yollandı. Bu isə artıq baş məşqçinin haqqında danışmağı xoşladığı sistemin bəhrəsidi: “Necə oynamaq istədiyimizlə bağlı dəqiq təsəvvürümüz var”.

Davamı olacaq
Belə görünür ki, Alonsonun futbolçuları yeni səviyyəyə qaldırmaqla bağlı unikal bacarığı var. Bununla belə, məşhur argentinalı Xorxe Valdanoya Qrimaldonun fenomenal oyunu haqda danışarkən təvazökarlığından qalmır:
“Mən onu tanıyırdım, çoxlu təhlil etdim, ancaq o, bütün gözləntiləri aşdı. Alexandronun ustalığı, oyunu anlamaq bacarığı, oyunun axarına təsiri – bütün bunlar mənə xoş təsir bağışladı. Bir baş məşqçi kimi futbolçuya çox şey öyrədə bilərsiz, ancaq müəyyən həddə qədər”.


Sonuncu ifadə ilə bağlı mübahisə etmək axmaqlıqdı. Ancaq məşqçinin rolunu kiçiltmək də ağılsızlıq olardı. “Benfika”dakı Qrimaldo haqda bildiklərimiz bu idi: möhtəşəm sol ayağa və standart vəziyyətləri yerinə yetirmək bacarığına malik olan səviyyəli oyunçudu. “Barselona”nın yetirməsinin bundesliqada göstərdiyi isə artıq kosmik səviyyədi. 9 qol və 12 məhsuldar ötürmə - doğrudanmı, bu, cinah müdafiəçinin işidi?! Onun assistentlik göstəriciləri çempion heyətin əsas ulduzu, klub rəhbərliyinin daha bir mövsüm Leverkuzendə qalmaq, Çempionlar Liqasında oynamaq üçün dilə tutmağa çalışdığı Florian Virtslə müqayisədə daha yüksəkdi. Digər lateral Ceremi Frimponq bütün turnirləri nəzərə alsaq, 12 qol vurub ki, bu da əvvəlki iki mövsümdəkindən çoxdu. Möhkəm, ancaq heç də ulduz sayılmayan xavbek Robert Andrix Almaniya yığmasının oyunçusuna çevrilməkdədi. Bütün futbolçular Alonso dönəmində “artırdı”, komanda özü isə gücünə dəhşətli dərəcədə inandı. Avropada son dəqiqələrdə bu qədər çox qol vuran bir başqa komanda yoxdu. Və təəssüf ki, həmin “aspirinlər”in əzəmətini çempionumuz “Qarabağ” da öz üzərində hiss etdi. Avropa Liqasının qrupunda hər nə qədər müqavimət göstərə bilməsək də, 1/8 finalın hər iki oyununun 90 dəqiqəsini öndə bitirdik. Həmin oyunların, heç olmasa, birində qələbə qazansaydıq, indi Avropa “Bayer-04”ün möhtəşəm seriyasını çoxdan unutmuşdu...

Yəqin belə düşünənlər də var ki, “Bavariya” adlı şir, sadəcə, yuxuya gedib, “Bayer-04” isə “Lester” və ya “Lill” kimi “birsaatlıq xəlifə” olacaq. Bəlkə də belə olacaq. Ancaq mövsüm boyunca bir dəfə də uduzmadan nağıllar aləmində olmağa görə bu komandaya “sağ ol” düşür. Top-klubların qapısında növbəyə durduğu Xabi Alonsonun qalmaq qərarı verməsi də uğurların davamını görəcəyimizə ümid yaradır. Baş məşqçi missiyasını hələ bitirmədiyini deyir. Bir qədər pivə və ardından Avropa Liqası ilə Almaniya kubokuna köklənməyin vaxtıdı. Bir titul, təbii ki, iştahı artan “aspirinlər”i qane etməyəcək. Bu cəhət onların məşqçisinin xarakterinə uyğun deyil.
Seçilən
108
Mənbələr
Şərh ()
Bağla