AZ

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

Gürcüstanda

Tbilisi, 19 aprel, AZƏRTAC

Gürcüstanda aktiv fəaliyyət göstərən 25 min qeyri-hökumət təşkilatı (QHT) var. Onların 90 faizi xaricdən maliyyələşir.

AZƏRTAC xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından olan deputat, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanda 25 min fəal QHT var. Gürcüstanın 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir, yəni hər 148 Gürcüstan vətəndaşına demək olar ki, bir QHT düşür.

Komitə sədri deyib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna qarşı çıxan müxalifətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaş fəalları qanunun ölkənin Aİ-yə inteqrasiyasına mane olduğunu iddia edirlər. Onlar bu qanun layihəsini “Rusiya qanunu” adlandırırlar və Tbilisidə parlament binası yaxınlığında genişmiqyaslı etiraz aksiyaları keçirirlər.

“Qeyri-hökumət təşkilatlarından pulların haradan gəlməsi və hansı məqsədlər üçün istifadə olunması ilə bağlı hesabatlılıq və şəffaflıq yoxdur. Onlar şəffaflıqdan olmasından qorxduqları üçün etiraz aksiyaları keçirir, ölkənin imicinə zərbə vururlar”, – deyə Samxaradze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
127
1
Mənbələr
Şərh ()
Bağla