AZ

Macarıstan çempionu olan azərbaycanlı: "Tarix yazdıq"

Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova  “Vaşaş” klubu ilə növbəti dəfə Macarıstan çempionu olub.

Abduləzimova "FutbolPress"ə açıqlamasında çempionluq barədə təəssüratlarını bölüşdü:

"Bu mövsüm komanda olaraq qarşımıza qoyduğumuz məqsədlərə nail olduq. Ölkə çempionu adını qazandıq, həmçinin Macarıstan Kubokuna sahib çıxdıq. Keçən il də eyni uğuru təkrarlamışdıq. Bütün oyunlarda qalib gəlmişik və tarix yazdıq. Düşünürəm ki, avrokuboklarda da çıxışımız uğurlu alındı. Qrup mərhələsini adlamaqla Macarıstan voleybol tarixində ilkə imza atdıq. Əlbətdə, bunlar asan başa gəlmədi. Çətinliklərlə, zədələrlə üzləşdik. Buna baxmayaraq məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirərək istədiyimizə nail olduq".

Macarıstanda 8-ci titulunu qazandığını bildirən voleybolçu zədəsinin də olduğunu qeyd etdi:

"Vasas"la 4 dəfə ölkə kubokuna sahib çıxmışıq, həmçinin eyni sayda da ölkə çempionu olmuşuq. Buna görə sevincliyəm. Artıq klub sezonunu başa vurdum. Bilirsiniz ki, keçən ildən zədələrim var. Avropa çempionatından dərhal sonra klubla məşqlərə başladım, mövsüm boyunca zədəm müəyyən qədər oyunuma təsir etdi. Həkimlərin də köməyi ilə daha yaxşı oynamağa çalışdım. İndi bir qədər istirahət edib, yenidən zədələrimin müalicəsi ilə məşğul olacağam".

Milli komandanın kapitanı Qızıl Avropa Liqasında və ölkə çempionatında  bəhs etdi:

"Boş vaxtım olanda Azərbaycan çempionatını izləyirəm. Əvvəlki illərlə müqayisədə bu il liqamız daha güclü və maraqlı keçir. Pley-off oyunlarını bacardığım qədər izləyirəm. Açığı, hansı komandanın çempion olacağını demək çətindir. Həmçinin onu da qeyd edim ki, qarşıda Qızıl Avropa Liqası var. Çalışacağıq ki, ölkəmizi turnirdə layiqincə təmsil edək".

Məlik Məlikov
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla