AZ

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

“Turan Tovuz”la “Sumqayıt”ın heç-heçələr seriyası darmadağınla bitdi. Rəqiblər ilk 3 dövrədəki oyunlarda xal bölmüşdüsə, bu dəfə “kimyaçılar” tilsimi qırdı.

Qonaqların bu qədər fərqli hesablı qələbə qazanmasının səbəbi matçın əvvəlində rəqibin yol verdiyi fərdi səhvlər və aldığı risklər idi. Heyətdəki ciddi itkilər üzündən heyət qurmaqda çətinlik çəkən və bəzi futbolçuları alışmadığı mövqelərdə oynadan Ayxan Abbasova daha bir zərbəni Şəhriyar Əliyev vurdu. Kapitan mərkəz müdafiəçisinə yaraşmayan tərzdə, adi epizodda qapıları səhv salınca sumqayıtlıların işi asanlaşdı.

Şəhriyar qonaqların ikinci qolu vurduğu epizodda da mövqe səhvinə yol verdi. Beləliklə, bu mərkəz müdafiəçisinin sayəsində tovuzluların cari mövsümdə itirdiyi xalların sayı 10-u keçdi.

“Turan Tovuz”un baş məşqçisi fasilə ərəfəsində, eləcə də ilk hissə bitdikdən sonra ikili əvəzləmələrlə oyunu dəyişə bildi. Tezliklə fərq azaldı, meydan sahibləri daha da həvəsləndi. Lakin “Sumqayıt” növbəti qollara imkan vermədi, əksinə rəqibin daha bir riskli dəyişikliyindən sonra əks-hücumlar üçün əla fürsət qazanıb onları uğurla başa vurdu.

“Turan Tovuz” qələbə qazanacağı halda rəqibini qabaqlamaq imkanı qazanacaqdı. Amma indi sumqayıtlılar aradakı fərqi artırıb 2-ci pilləyə yüksəldi. Samir Abasovun yetirmələrinin avrokubok israrı davam edir. Bu önəmli qalibiyyət ilk “dördlük”də yola davam etmək üçün əla stimul olacaq. Qərblilər üçün də heç nə itirilməyib, bununla belə, ev məğlubiyyətndən sonra böyük arzuların növbəti mövsümədək təxirə salındığını təxmin etmək olar.

FƏRİD

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla