AZ

Ayxan Abbasov: “Futbolçular uduzmaqdan qorxurdu”

“Üzücü məğlubiyyət oldu. Oyuna yaxşı başlamışdıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXI turunda uduzan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis doğma azarkeşlər qarşısında “Sumqayıt”a 1:4 hesablı məğlubiyyəti şərh edib: “ İlk 10 dəqiqə üstünlüyümüzlə keçdi. Təəssüf ki, sonra 2 ardıcıl qol buraxdıq. Bəzi çatışmazlıqlarımız var idi. Oyunçularımız zədəli, cəzalı olduğuna görə bəzi dəyişikliklər edirik. İlk hissədə rəqibdə hər şey alınırdı. İkinci yarıda oyunu çevirə bilərdik. Otto Conun qaçırdığı epizodlar matçın qırılma nöqtəsi oldu. Hələ mübarizə davam edir. Həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaq lazımdır. Son həftələrdə hər kəs avrokuboklar haqda fikirləşirdi. Futbolçular uduzmaqdan qorxurdu. Bu məğlubiyyətin faydası da olacaq. Düz yoldayıq. Hər komanda məğlub ola bilər. Günahkar axtarmıram. İrəli baxacağıq. Həvəsdən düşsək, gələcəyimiz üçün böyük problem yarada bilər. Ümumən futbolçularım əllərindən gələni etdilər”.

Ayxan Abbasov heyətdəki əvəzetmələr sayəsində 2-ci hissədə daha üstün oynadıqlarını bildirib: “Bu gün komandada dayaq yarımmmüdafiəçisi yox idi. "Qəbələ" ilə matçda Ayxanı zədədən sonra risk edib oynatdıq. Bu gün tam hazır deyildi. "Sumqayıt" mərkəzdə ən aktiv komandadır. Bu gün məcburiyyətdən Emmanuel Hakmanı mərkəzdə oynatdıq. Fəridlə Ayxanı meydana buraxmaqla hücumu gücləndirməyə çalışdım. İkinci hissə bizim üstünlüyümüzlə keçdi”.

“Turan Tovuz”un baş məşqçisi son oyunlarda hakim səhvlərinin söz-söhbətə səbəb olduğunu deyib: “Belə ajiotajlar olacaq. Çempionatın sonudur. Psixoloji cəhətdən hazır olmalıyıq. Əgər söz-söhbətlər bizə pis təsir edirsə, gələcəyimiz üçün çətin olacaq. Real danışaq. 1-2-ci dövrədə bizə qarşı çox səhvlər yaşanmışdı. Son matçlardakı səhvlər söz-söhbətə səbəb olur. Hansısa komandanın adını çəkmək mənə yaraşmaz”.

Qeyd edək ki, “Turan Tovuz” 42 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
68
2
Mənbələr
Şərh ()
Bağla