AZ

Abdulkadir Uraloğlu: “Türkiyə Orta Dəhlizin inkişafına sadiq qalır”

Türkiyə ilə Bolqarıstan arasında ikinci dəmir yolunun tikintisi Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - TBNM) potensialını artıracaq.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Dünya Bankının “Orta Dəhlizin ticarət və logistika potensialının reallaşdırılması” videokonfransında deyib.

Nazirin sözlərinə görə, bu dəmir yolunun yaranması ilə Şərqdən Qərbə yükdaşıma qabiliyyəti artacaq ki, bu da TBNM-nin dəmir yolu potensialına mühüm töhfə verəcək. Nazir əlavə edib ki, Türkiyənin şərqində Zəngəzur dəhlizi layihəsini Türkiyənin milli dəmir yolu şəbəkəsi ilə birləşdirəcək yeni dəmir yolu çəkiləcək. Bu, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, Orta Dəhlizin yekun şəkildə formalaşmasına imkan verəcək.

“Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Orta Dəhliz Mərkəzi Asiya və Qafqaz ölkələri, hətta Yaxın Şərq ölkələri üçün unikal iqtisadi inkişaf perspektivləri açır. Türkiyə Orta Dəhlizin inkişafı və möhkəmləndirilməsinə sadiq qalır və region ölkələri arasında ticarət və əməkdaşlığın artırılması üçün səylər göstərir”, - deyə A.Uraloğlu əlavə edib.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla