AZ

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü keçirilib.

ASAP-dan AZƏRTAC-a bildiriblər ki, altı ştatdan 50-yə yaxın gəncin iştirakı ilə şam yeməyi ətrafında keçirilən tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev azərbaycanlı gənclərlə görüşüblər.

Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyən Fərid Qayıbov bildirib ki, yalnız Azərbaycanda deyil, dünyanın dörd bir yanında azərbaycanlı gənclərə olan diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Nazir ABŞ-da Azərbaycanı yüksək səviyyədə təmsil edən və üçrəngli bayrağımızı beynəlxalq arenada dalğalandıran gənclərin uğurlarını yaxından izlədiyini deyib.

Ülvi Mehdiyev gənclərlə iş sahəsində innovativ yanaşmanın vacibliyi, sosial innovasiyalarda gənclərin yenilikçi ideyalarının stimullaşdırılması yönündə fəaliyyətlərin önəmindən danışıb.

Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli ABŞ-da ölkəmizi təmsil edən Azərbaycan gəncliyinin inkişafı və dövlətin gənclər siyasətinə göstərdiyi dəstək istiqamətində görülən işlərlə bağlı fikirlərini bölüşüb.

Şəbəkələşmə görüşü ərzində iştirakçılar bir-birlərini yaxından tanımaq, öz təcrübələrini bölüşmək imkanı əldə ediblər.

Gənclər xaricdə yaşadıqları zaman Prezident İlham Əliyevin gənclər siyasəti nəticəsində dövlətimizin onlara göstərdiyi dəstəkdən söz açıblar.

Həmçinin görüşdə gənclərin təhsil aldıqları zaman qarşılaşdıqları çətinliklər, ASAP tərəfindən keçirilən layihələrlə bağlı müzakirələr aparılaraq gənclərin təklifləri dinlənilib, iştirakçılara Gənclər və İdman Nazirliyi, Gənclər Fondu tərəfindən yaradılmış imkanlar haqqında məlumat verilib.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla