AZ

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

Ürək

Bakı, 19 aprel, AZƏRTAC

Ürək xəstəliyi qlobal miqyasda ölümün əsas səbəbi olaraq qalır, lakin sadə həyat tərzi dəyişiklikləri ilə bir çox halların qarşısını almaq mümkündür. Ürək sağlamlığını qorumaq üçün təbii yollardan istifadə etməklə xəstəlik riskini azaltmaq olar. Buraya ürəyin quruluşuna və funksiyasına təsir edən koronar arteriya xəstəliyi, infarkt və aritmiya kimi problemlər aiddir.

AZƏRTAC “Knowridge” saytına istinadla xəbər verir ki, ürək xəstəliklərinin qarşısını almağın ən təsirli təbii yollarından biri sağlam qidalanmadır. Meyvə, tərəvəz, tam buğda və yağsız zülallarla zəngin qidalar ürək sağlamlığına böyük təsir göstərə bilər. Məsələn, Aralıq dənizi pəhrizinin ürək xəstəliyi riskini azaltdığı geniş şəkildə araşdırılıb və təsdiq olunub. Bu pəhriz ilk növbədə bitki əsaslı qidaların qəbulunu, kərə yağının bitki tərkibli yağlarla əvəz edilməsini, qidalara dad vermək üçün duz əvəzinə göyərti və ədviyyatların istifadəni və qırmızı ətin məhdudlaşdırılmasını vurğulayır.

Fiziki fəaliyyət də bu məsələdə olduqca vacib amildir. Daimi hərəkət sağlam çəki saxlamağa kömək edir, qan təzyiqini tənzimləyir və ürək əzələsini gücləndirir. Amerika Ürək Dərnəyi həftə ərzində azı 150 dəqiqəlik orta intensivli aerobik fəaliyyəti, sürətli gəzintini, velosiped sürməyi və ya 75 dəqiqəlik qaçış kimi təsirli aktivliyi tövsiyə edir.

Məlumatda bildirilir ki, xroniki stress, düzgün olmayan pəhriz seçimi və hərəkətsizlik ürək sağlamlığı üçün olduqca zərərlidir. Meditasiya, yoqa və dərin nəfəs məşqləri stressi idarə etməyə kömək göstərir. Həmçinin hobbi ilə məşğul olmaq və sevdiklərinizlə vaxt keçirmək stressi azalda bilər. Buraya normal yuxu rejimi də aiddir.

Əsas profilaktik tədbirlərdən biri siqaretdən uzaq durmaq və alkoqol qəbulunu məhdudlaşdırmaqdır. Tütünün tərkibindəki kimyəvi maddələr ürəyə və qan damarlarına zərər vurur, bu da damarların daralmasına (ateroskleroz) səbəb olmaqla, sonda infarktla nəticələnə bilər.

Nəhayət, ürək xəstəliklərinin qarşısının alınması üçün müntəzəm sağlamlıq müayinələri vacibdir. Bu müayinələr yüksək qan təzyiqi, normadan artıq xolesterin və şəkərli diabet kimi problemləri daha ciddi hal almazdan əvvəl aşkarlayır.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla