AZ

“Səfir Sübhaninin açıqlaması İranın Azərbaycana və İsrailə münasibətinin göstəricisi və davamıdır” - Siyasi şərhçi

Aprelin 16-da keçirdiyi mətbuat konfransında İranın Ermənistandakı səfiri Mehdi Subhani İsraillə son günlər daha da gərginləşən vəziyyətlə bağlı bəzi fikirlər söyləyib. Lakin onun söylədiyi digər fikirlərdə Azərbaycan üçün diqqətçəkən məqam var. Sübhani bildirib: “Onlar (ermənilər) bilirlər ki, sionist rejimi Cənubi Qafqazda qeyri-sabitliyin əsas faktorlarından biridir və Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahları ilə öldürülüb. İkili standartlar siyasəti ilə regionda sabitliyi təmin etmək mümkün deyil. Davranışınız və pis rejimə məntiqsiz dəstəyiniz pisliyi tamamilə adi hala gətirir”.

İran səfirinin bu fikirini necə qiymətləndirmək olar? İranın Qarabağ münaqişəsindəki tutduğu mövqeyi, Ermənistanla yaxın dostluq münasibətini nəzərə alsaq səfir hansı ikili standartlardan danışa bilər?

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Herbiand.az-a bildirib ki, səfir Sübhaninin bu açıqlaması İran hakimiyyətinin Azərbaycana və İsrailə münasibətinin göstəricisi və davamıdır:

“Azərbaycan torpaqları işğal altında olanda, 44 günlük müharibə zamanı və torpaqlar işğaldan azad ediləndən sonra İsrailin Azərbaycana bəlli və dəyişməyən münasibəti var. İsrail həmin dövrdə Ermənistanı tanımadı və heç bir diplomatik münasibətlər saxlamadı. “Erməni soyqırımı” kimi saxta iddianı da həmişə təkzib etdi. Əksinə, Xocalı faciəsi ilə bağlı məsələlər İsrail Knessetində müzakirə olundu. İsrail cəmiyyətində Azərbaycanın problemlərinə həmişə ədalətli və haqlı yanaşılıb. Bu baxımdan İsrail-Azərbaycan münasibətləri İsrail-Ermənistan münasibətlərindən kökündən fərqlənir. Yalnız Nikol Paşinyan hakimiyyətə gələndən sonra, yaxud 44 günlük müharibə bitdikdən sonra İsrail ilə Ermənistan arasında diplomatik münasibətlər qurulub, bərpa olunub və davam edir. Hətta İsrail hakimiyyəti İranla sərhədyanı ərazidə - Meğridə ticarət mərkəzləri açacağını da bəyan edirdi. Yəni, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxdıqdan sonra İsrail Ermənistanla münasibətləri dərinləşdirib”.

Sədrəddin Soltanın sözlərinə görə, amma İranın Azərbaycana və Ermənistana münasibəti həmişə işğalçını dəstək mövqeyindən olub:

“İran işğal dövründə Ermənistanla hər cəhətdən əlaqələr saxlayıb, yardımlar verib, neft-qaz, hətta hərbi sahədə də əməkdaşlıq olub. Torpaqlar işğaldan təmizləndiyi dövrdə Ermənistana terrorçu-təlimatçılar göndərilib. Bundan sonra Azərbaycana qarşı təbliğat aparıb. Ermənistanla son zamanlar hərbi-texniki sahədə əməkdaşlığa dair anlaşma və hərbi avadanlığın göndərilməsi İranın məsələyə yanaşmada ikili standartıdır. Səfir Sübhani İsrailin Ermənistana münasibətində ikili standartı qınayırsa, əslində öz gözündə tiri görməyən Tehran təmsilçisi İranın Azərbaycan və Ermənistana münasibətində ikili yanaşdığını görmür. Bu baxımdan səfirin Azərbaycana, eləcə də bütövlükdə Tehran hakimiyyətinin Azərbaycana münasibətini biz İsrail-Azərbaycan münasibətləri acısından dəyərləndirsək daha normal olar. Başqa bir tərəfdən Azərbaycan öz milli və dövlət maraqlarına uyğun olaraq dostunu, əməkdaşlıq etdiyi və edəcəyi dövlətləri özü seçir. İran hakimiyyəti Azərbaycana düşmən kimi yanaşır, onun səfirliyinə təşkil edilən terror hücumuna göz yumur. İsrail isə əksinə, Azərbaycanın problemlərinə özününkü və strateji tərəfdaşlıq kimi yanaşır və əlaqələri genişləndirir. Azərbaycanın İsraildəki diasporasının fəaliyyətinə şərait yaradılır, onların Azərbaycanla bağlı tədbirlər keçirməsini dəstəkləyir. İran isə bunu etmir. İran hakimiyyəti 30 milyondan çox yerli Azərbaycan türkünün milli haqqını tapdalayır, öz dilində məktəbin fəaliyyət göstərməsinə imkan vermir. Milli-mədəni fəallar daim təqiblər, təzyiqlər və həbsxanalarla üzləşir. Amma ermənilərə öz ərazisində hər cür dəstək verir. İş o yerə çatdı ki, 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı “Qarabağ Ermənistandır” şüarı İran hakimiyyətinin Ermənistana münasibətinin nümunəsidir. Ona görə ikili standart daha çox İrana aiddir nəinki, İsrailə”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla