AZ

Zülfüqar Hacıbəyli – 140 TƏHLİL

Musiqi dünyamızın böyük klassiki

Tarixin keşməkeşli, zolaqlı yolları insan taleyini, insan iradəsini sınağa çəkir, onun cığır açdığı yollar bir insan ömrünü neçə-neçə ömürlərə calayıb, onlara mənəvi ruh, qida verir. Belə insanlar tarixə nurdan yaranmış simalar kimi daxil olur. Varlığı ilə nur olan, seçdiyi sənət yolunda yorulmaq bilmədən çalışan insanlar zamanın mühakiməsində şəxsiyyət kimi görünürlər. Azərbaycan mədəniyyətinin böyük simaları kimi tanıdığımız və milli mədəniyyət və incəsənətəmizə böyük töhfələr vermiş sənətkarlar sənət tariximizdə əbədiyyətə qovuşub və onların yaradıcılıq irsi zaman məsafəsində yüksək qiymətləndirilir. Milli mədəniyyətimizə göstərilən diqqətin nəticəsi olaraq onların sənət qalereyası nəsildən-nəsilə ötürülür. Belə simaların fəaliyyəti və istedadı dövlət tərəfindən yüksək qiymətləndirilərək fəxri adlara, mükafatlara layiq görülürlər. Azərbaycan tarixində böyük bir şəcərənin daşıdığı soyad xalqımızın qan yaddaşına daxil olub, əməl və fəaliyyətləri ilə şəxsiyyət olaraq qəbul ediliblər. Bu, Hacıbəylilər şəcərəsidir.
Qarabağ bölgəsində yerləşən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ölkəmizin ən mühüm şəhərlərindən biri olmuşdur. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. Bu tarixi şəhərdə məşhur şəcərələr, nəsillər yetişmiş, əməlləri, istedadları ilə silinməz salnamələrə həkk olundular. Şuşanın məşhur nəsillərindən olan Hacıbəylilərin fəaliyyəti bu şəhərin ictimai-mədəni həyatında silinməz iz salmışdılar. Hacıbəylilərin ulu babası Molla Hacı bəy Qarabaği olmuşdur. O, Şuşa şəhərində sayılıb-seçilən, savadlı bir alim idi. Məhəllələrin dini işləri ilə məşğul olurdu. Molla Hacı bəyin Məhəmməd bəy adlı oğlu var idi. Qızı Bəşirət xanım Nəsib bəy Yusifbəylinin nənəsidir. Məhəmməd bəy 1814-cü ildə Şuşada anadan olmuşdu. O, mədrəsə təhsili almış və Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hərəmi Bikə ağanın sarayında mirzə işləmişdi. Məhəmməd bəy göstərdiyi xidmətlərinə görə xan Vərəndə mahalının İsfəhançıq kəndinin bir hissəsini ona bağışlamışdı. Molla Məhəmməd bəyin Qəhrəman bəy, Əbdüləziz bəy, Əbdülhüseyn bəy və Hacı bəy adlı oğulları vardı. Molla Hacı bəyin törəmələri Hacıbəyli soyadını daşıyırlar. Hacıbəylilər şəcərəsinin ictimai-mədəni həyatımızda rolu müstəsnadır. Əbdülhüseyn bəy Hacıbəyli, İsmayıl bəy Hacıbəyli, Zülfüqar Hacıbəyli, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Soltan Hacıbəyli, Niyazi Tağızadə-Hacıbəyli və başqaları öz fəaliyyətləri ilə tanınaraq, seçilmişdilər.

MUSİQİLİ TEATRIN YARANMASI UĞRUNDA MÜBARİZƏ

XX əsrin ilk illəri Azərbaycan musiqi sənəti üçün intibah və inkişaf dövrüdür. O illərin zəngin sənət tarixi neçə-neçə onillikləri belə əvəzlədi. Həmin dövrdə Bakının musiqi həyatı qaynar olsa da, ictimai-siyasi hadisələrin gedişatı müxtəlif maneələrin yaşamasına gətirib çıxarmışdır. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşaya qoyulması Azərbaycanın musiqi həyatına xüsusi bir yenilik gətirdi. Bu, nəinki Azərbaycanda, bütün Yaxın Şərqdə ilk opera idi və bu opera ilə yeni sənətin möhtəşəm özülü qoyuldu. Üzeyir Hacıbəyli ilə yanaşı, qardaşı Zülfüqar Hacıbəyli də əsrimizin ilk illərindən başlayaraq, Azərbaycan musiqili teatrının yaranması uğrunda mübarizəyə qoşulmuş, məhz onun müstəqil bəstəkarlıq fəaliyyətinin ilk təcrübələri də həmin dövrlə bağlıdır.
Aəzəbaycan bəstəkarlıq məktəbindən qidalanıb, çoxşaxəli yaradıcılıq üslubunu təqdim edən sənətkarlar sırasında bu ismin öz yeri, rolu, mövqeyi var. Onun ismi XX əsr sənət tarixinə öz izini salsa da, qətiyyətlə deyə bilərik ki, bu sənətkar üçün zaman anlayışı çərçivəsi yoxdur. O, bütün zamanların müasiri və böyük klassiki kimi yaşanır. Azərbaycan musiqi sənətində böyük əsərlər yaradan dahi simaların müasiri olmuş, onların yaradıcılıq uğurları, sözsüz ki, sənətkara da təsirsiz qalmamışdır.
Onun tərcümeyi-halından oxuyuruq. Zülfüqar Hacıbəyli 1884-cü ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Zülfüqar Hacıbəyli ilk biliyini xalq musiqisindən alıb. O dövrdə, yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri "Aşıq Qərib" operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi. Həmin dövrdə Zülfüqar Hacıbəyli bir sıra librettolara musiqi yazır.

AZƏRBAYCANIN MƏDƏNİ-TƏRƏQQİSİNİN İNKİŞAFINA TÖHFƏ

Sənət tariximizdə onun "50 yaşında cavan" (1910), "Varlı" (1911), "Evliykən subay" (1916) musiqili komediyaları bu gün də sənət dünyamızın bəzəyidir. Zülfüqar Hacıbəyli 1935-ci ildə "Almaz" filminə musiqi yazır. Məlumdur ki, bu film kino tariximizdə ilk səsli filmdir. Bu ərəfədə yazdığı "Kölə qadınların rəqsi" adlı simfonik əsəri ona böyük şöhrət gətirir. Onun daha iki – "Nüşabə" və "Üç aşıq" operası isə tamamlanmamış qalır. Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyli XX əsrin 20-30-cu illərində çox məşhurlaşır. Bəstələdiyi nəğmələri – "Kəndçi qızı", " "Çoban qız", "Əsgər nəğməsi" və digər mahnıları dildə-ağızda dolaşır. Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.
Qeyd edək ki, 1911-ci ildə Üzeyir bəy və Zülfüqar bəy Hacıbəylilərin rəhbərliyi ilə opera-operetta artistləri truppası yarandı. O dövrün bir sıra məşhur artistləri truppanın tərkibinə daxil olmuş, Bakıda Qafqazın başqa şəhərlərində tamaşalar göstərmişlər. Truppanın qastrol səfərlərində repertuarı Ü.Hacıbəylinin «Leyli və Məcnun», «Əsli və Kərəm» operaları, «Ər və arvad», «O olmasın, bu olsun» musiqili komediyaları, Z.Hacıbəylinin «Aşıq Qərib» operası, «Evliykən subay» musiqili komediyasından ibarət idi.Bəstəkarın M.Füzuli adına Azərbaycan Əlyazmalar Fondunda saxlanılan şəxsi arxivində əldə olunan materiallar onun zəngin irsi ilə tanışlıq yaradır. Belə ki, "Onda elə, indi belə", "Yarış" operettaları "Mən ağlaram, o gülər" komediyası, "Biçarə Xavər", "Məşədi Xudu" operettaları, "Məlikməmməd", "Nüşabə" operaları və s. musiqili komediya, opera librettosu, musiqi qeydləri ilə yanaşı, bəstəkarın bir neçə məqaləsi də saxlanılır. Bu əsərlərlə tanışlıq Azərbaycanın mədəni-tərəqqisinin hər zaman inkişafda olduğunu göstərən faktdır.

YAZIB BAŞA ÇATDIRA BİLMƏDİYİ ÇOXSAYI ƏSƏRLƏR

Milli mədəniyyət tariximizdə - opera sənətinin, eyni zamanda, musiqi teatrının təşkili və inkişafında xidmətləri olan sənət adamları sırasında göründüyü kimi Zülfüqar Hacıbəylinin öz imzası var. Ümumilikdə isə, sənətin inkişafında Hacıbəylilər ailəsi pozulmaz səhifələr yazıb. Zülfüqar Hacıbəylinin da musiqi teatrımızın inkişafı yolunda yazıb-yaratdıqları əsərlər əsil fədakarlıqdır.
Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə - 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar. Çox keçmir ki, İkinci Dünya müharibəsi başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi. Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyli qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur - hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyli milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə əməkdar incəsənət xadimi adına layiq görülür.Musiqili Komediya Teatrının əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Zülfüqar Hacıbəyli respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəylinin adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qalır.

Zümrüd BAYRAMOVA

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla