AZ

Virtual aləmdə müəllif hüquqları necə qorunur? - VƏKİL MÜNASİBƏT BİLDİRDİ

"Virtual aləmdə müəllif hüquqları "Müəlliflik hüququ və əlaqəli hüquqlar" haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, həmin qanuna əsasən, ədəbi və audiovizual əsərlər, heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri; fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər müəlliflik hüququnun obyektidir. Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.

Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:

1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;
3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması;
4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi".

"Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci maddəsinə əsasən, müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

Bu maddədə “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
17
Mənbələr
Şərh ()
Bağla