AZ

Tomas Tuxel Çempionlar Liqasında ilkə imza atdı

Çempionlar Liqasının 1/4 finalında “Arsenal”ı mübarizədən kənarlaşdırmış “Bayern”in baş məşqçisi Tomas Tuxel nailiyyəti ilə diqqət çəkib.

Arena.az xatırladır ki, Tuxelin “Bayern”i Londondakı 2:2 hesablı heç-heçədən sonra Münhendə “topçular”ı 1:0 hesabı ilə məğlub edərək, mötəbər yarışın yarımfinalına adlayıb.

“Opta” statistik internet-portalının məlumatına görə, beləliklə Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsinə 3 müxtəlif komanda ilə çıxa bilmiş ilk alman məşqçi olub.

Cari mövsümdəki nailiyyətindən əvvəl Tuxel 2019/2020 mövsümündə PSJ, eləcə də 2020/2021 mövsümündə “Çelsi” ilə Çempionlar Liqasının yarımfinalına yüksəlmişdi.

PSJ ilə yarışın finalçısı olmuş alman mütəxəssis növbəti mövsümdə “zadəganlar”a qitənin ən nüfuzlu klub yarışında qalibiyyət yaşatmışdı.

Çempionlar Liqasının yarımfinalında Tuxelin “Bayern”i İspaniya nəhəngi “Real”la qarşılaşacaq. İlk oyun aprelin 30-da Münhendə, cavab oyunu isə mayın 7-də Madriddə keçiriləcək.

Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, 2023-cü ilin martında gətirilib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

Rəhbərliyi müddətində Tuxel “Bayern”i 53 oyuna çıxarıb, 34 qələbə qazandırıb, 7 heç-heçə edib, 13 məğlubiyyət acısı dadıb. Tuxelin rəhbərliyi altında “Bayern” 127 qol vurub, 67 top buraxıb.

Tomas Tuxelin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma o, cari mövsüm bitən kimi komandadan ayrılacağını açıqlayıb. Bu üzdən də Münhen klubu hazırda yeni baş məşqçi axtarışındadır.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla