AZ

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Səməd Seyidov diqqətə çatdırıb ki, iclasın gündəliyinə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş 2 məsələ daxil edilib.

Səməd Seyidov gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl son zamanlar beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslərə münasibət bildirib, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlərdən danışıb.

Komitə sədri gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib, sənədin iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutduğunu bildirib.

O, gündəliyin ikinci məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı bildirib ki, sənəd vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını və vergidən yayınma hallarının qarşısının alınmasını, həmçinin bu sahədə bir sıra digər məsələlərin həllini təmin edəcək.

İclasda komitənin üzvü Nəsib Məhəməliyev məsələlər ilə bağlı fikirlərini səsləndirib, təqdim edilən qanun layihələrinin vacibliyini söyləyib.

Müzakirəyə çıxarılan qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Seçilən
89
1
Mənbələr
Şərh ()
Bağla