AZ

Ölkəmizdə təhsilin inkişafı ilə bağlı çoxlu layihələr həyata keçirilib

Müstəqil Azərdbaycan dövlətini bugünkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülüb.  Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Son illər bu sahədə görülən tədbirlərə nəzər salsaq, təhsil proqramlarının hazırlanması istiqamətində mühüm işlərin icrası prosesinin intensivləşdiyini görmək olar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanovla müsahibəmiz də təhsildə aparılan yeniliklərin praktikada tətbiqi barədə oldu.

 

Hər bir ölkənin inkişafı onun elm, təhsil və mədəniyyətinin səviyyəsi ilə ölçülür. Sizcə, bu istiqamətdə ölkəmizdə vəziyyət hansı səviyyədədir?

  • Düşünürəm ki, qənaətbəxş səviyyədədir. Nəzərə alsaq ki, biz cəmi 33 ildir müstəqillik əldə etmişik və müstəqillik əldə etdiyimiz ilk gündən etibarən bədxah qonşumuz olan Ermənistanın ərazi iddiaları və ölkəmizin ərazi bütövlüyünə qəsdləri ilə üz-üzə qalmışıq, torpaqlarımızın bir qismi işğal olunub, 1 milyon nəfərədək əhalimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, bütün bu sosial-iqtisadi problemlər ölkəmizin sovet dönəmində elm, təhsil və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərinin müəyyən dərəcədə zəifləməsinə gətirib çıxarıb. Lakin bununla belə, bu 30 il ərzində biz ölkəmizdə elm, təhsil və mədəniyyətin səviyyəsini qorumağa nail olmuşuq. Ən vacib problem olan ölkəmizin ərazi bütövlüyünü təmin etmişik. Bu bizim üçün mühüm göstəricilərindən biridir. Eyni zamanda ərazi bütövlüyümüzü təmin edərkən Azərbaycan xalqının övladlarının nə qədər qəhrəman və vətənlərini sevdiklərini görmüşük. Onlar bu müharibədə yalnız qanları-canları ilə mübarizə aparmayıb, öz bilikləri, bacarıqları, yüksək texnologiyalardan istifadə etmə bacarıqları ilə seçiliblər. Bu qələbə müəyyən mənada xalqımızın elm və təhsil səviyyəsinin, eyni zamanda vətənpərvərlik hisslərinin hansı səviyyədə olduğunu göstərir.

Nəzərə alsaq ki, son illər, həm elmin, həm də təhsilin inkişafı ilə bağlı çoxlu layihələr həyata keçirilib. Həm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi fəaliyyətlər, həm Mehriban xanımın Heydər Əliyev Fondu vasitəsi ilə icra etdiyi layihələr – o cümlədən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində minlərlə məktəb yenidən qurulub, əsaslı təmir olunub, maddi-texniki baza yaxşılaşdırılıb. Bu gün Azərbaycanda müasir təfəkkürlü müəllimlər işə qəbul olunur, məsələn, hər il Pedaqoji Universitetin minlərlə məzunu imtahandan keçərək məktəblərdə işə başlayırlar. O cümlədən, biz artıq Qarabağ Universitetinin qururuq, işğaldan azad olunmuş ərazilərdə 2026-cı ilə qədər 160-dan çox təhsil müəssisələri, məktəblər quracağıq. Bütün bunlar gələcəkdə artıq ərazi bütövlüyünü təmin etmiş güclü ölkə kimi elm, təhsil və mədəniyyətimizin səviyyəsini sürətlə artıracağımıza inam və ümid yaradır.

 

Təhsil  proqramlarının hazırlanmasında müasir dünya standartlarının əsas götürülməsi vacib şərtlərdəndir. Sizcə, bizim təhsil sistemində bu şərtlərdən yetərincə istifadə olunubmu? Ümumiyyətlə, təhsil proqramları müasir dövrün tələblərinə cavab verirmi?

  • Bu bizim üçün ən vacib məsələlərdən biridir. Həqiqətən əsas məsələlərdən biri təhsilin məzmunun və təhsil proqramlarının müasir standartlara uyğunlaşdırılmasıdır. Ölkəmizdə 2020-ci ildə ali təhsildə bu proses həyata keçirildi, eləcə də Pedaqoji Universitetin məsul olduğu müəllim hazırlığı, təhsil ixtisasları qrupundan olan ixtisasların təhsil proqramlarının hazırlanması qrupunun rəhbəri ADPU-nun rektoru, prof. Cəfər Cəfərov idi, mən isə qrupun üzvü idim. Qrupda bir çox pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin, məktəblərin nümayəndələri də təmsil olunurdu. 2020-ci ildə biz məzmunda xeyli dəyişikliklər etdik. Həm seçmə fənnlər blokuna müasir fənnlər saldıq, həm STEAM fənnini bütün təbiət ixtisaslarında, yəni informatika müəllimliyi, riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, kimya müəllimliyi, biologiya müəllimliyi, kimya və biologiya müəllimliyi, fizika müəllimliyi və texnologiya müəllimliyi ixtisaslarında məcburi fənn kimi daxil etdik. Bütün ixtisaslara inklüziv təhsil fənni məcburi fənn kimi daxil edildi. Hansı ki, həmin fənnləri tədris edən müəllimlərə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində təlimlər keçirmişdik, dünyaca məşhur bir vəsaiti Azərbaycan dilinə tərcümə etmişdik və s. Üçüncüsü, pedaqoji bloku genişləndirərək pedaqogika fənninin kreditlərini 7-dən 10-a qaldırdıq Pedaqogika 1 və Pedaqogika 2 kimi formalaşdırdıq. Əgər əvvəllər bu məzmun daha çox pedaqoji fikir tarixi və pedaqoji təlimlərə yönəlmişdisə, biz ona əlavə olaraq pedaqoji öyrənmə üsulları, təhsildə qiymətləndirmə, ölçmə və dəyərləndirmə, sinfin idarə olunması, təhsilin idarə olunması kimi modullar da daxil etdik ki, bu gün vacib istiqamətlərdən biri də budur. Bunlardan əlavə biz son semestr keçirilən 21 kreditlik pedaqoji təcrübəni və 9 kreditlik yekun dövlət attestasiyasını 30 kreditlik pedaqoji internaturaya transformasiya elədik. Artıq Pedaqoji Universitetin tələbələri 2020-ci ilin standartları əsasında son semestrdə olarkən 30 kreditlik pedaqoji internaturadan keçəcəklər. Bu da Azərbaycan dövlətinin, hökümətin müəllimlik ixtisaslarına verdiyi önəmin göstəricisidir. Ölkədə yalnız iki peşə üzrə - tibb üzrə əvvəldən var idi, indi isə müəllimlik üzrə internatura tətbiq olunur. Qeyd edim ki, internaturanın gətirdiyi bir çox yeniliklər var. Pilot olaraq bu il ilk dəfə olaraq 2020-ci ildə qəbul olunan tələbələrimiz pedaqoji internatura keçirlər. Tələbələrimiz məktəblərdə təcrübələrini tamamladıqdan sonra geniş bir təcrübə hesabatı hazırlayacaqlar və universitetdə ixtisaslar üzrə yaradılan təcrübə komissiyalarında təqdim edəcəklər. Hesabatlar əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında hazırlanacaq. Komissiyalarda universitetin professor-müəllim heyəti ilə yanaşı, ümumtəhsil məktəblərinin də nümayəndələri təmsil olunacaqlar.

2025-ci ildə məzmunun növbəti dəfə yenilənməsi gözlənilir. Hazırda biz buna hazırlaşırıq. Burada məzmunun daha da təkmilləşdirilməsi və inkişaf etməsinə çalışacağıq. 2020-ci ildə bunu qismən edə bildik, çünki bu məsələ yalnız bir universitetin qərarı ilə həll edilmir, yaradılan universitetlərarası komissiyalarda müzakirə olunaraq konsensusa gəlinir. Məsələn, biz xarici dillərlə bağlı bloku genişləndirmək, peşə hazırlığı ilə bağlı fənnlərinin çəkisini nisbətən azaltmaq istəyirdik. 2025-ci ildə bu istiqamətlərdə addımlar atmağı nəzərdə tuturuq. 2020-ci ildəki məzmun yenilənmələri zamanı biz qardaş Türkiyənin təcrübəsinə baş vurduq, orada müəllim hazırlığı ilə bağlı təhsil proqramlarının məzmununu araşdırdıq. Eyni zamanda Avropa İttifaqının üzvü olan bir neçə ölkənin, bizə yaxın təcrübə kimi Latviya, Litva və Estoniyanın və keçmiş sovet ittifaqının üzvü kimi Rusiyanın Moskva Dövlət Pedaqoji Universitetinin təhsil proqramlarını araşdırdıq. Yəni bu yeniliklər bu üç istiqamət üzrə təhlil və müqayisələr əsasında həyata keçirilmişdi.

 

Elm və təhsil naziri Emin Əmirullayev çıxışında təhsil sahəsində STEAM sisteminin tətbiq ediləcəyini qeyd etmişdir. Bu sistem tam olaraq necə işləyəcək, ümumilikdə, 2024-2025-ci illərdə təhsildə bizi nələr gözləyir?

  • Deyə bilərəm ki, hazırda STEAM yanaşması təhsildə çox aktual mövzudur. Hətta bu sovet dönəmində də müəyyən rüşeymlər halında, yeni fənnlərarası yanaşma konseptində mövcud idi. Biz bu fənnlərarası yanaşmaya çox önəm veririk. Yuxarıda qeyd etdiyim kimi biz 2020-ci il standartlarında artıq 8 ixtisasda bu yanaşmanın tətbiqinə başladıq. STEAM-ı tətbiq etmək də öz növbəsində ciddi hazırlıqlar tələb edir. Birincisi, bu məzmunun tədris-metodiki təminatını, qiymətləndirmə meyarlarını hazırlamalı və məzmunu tədris edəcək professor-müəllim heyətini hazırlamalı və ya tapmalısınız. Buna görə də, biz “STEAM Azerbaijan” layihəsi, nazirliyin STEAM komandası və Təhsil İnstitutu ilə birgə Pedaqoji Universitetin seçilmiş 25 müəlliminə təlimləri verərək onların təlimçi kimi hazırlanmalarını təmin etdik. İkincisi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə universitetimizdə STEAM mərkəzinin yaradılması. Artıq bizim iki STEAM mərkəzimiz var. Üçüncüsü, filiallarımızda həmin fənnləri tədris edən müəllimlərə təlimlərin verilməsi. Dördüncüsü, nazirliyin planlaşdırdığı regional STEAM mərkəzlərinin Pedaqoji Universitetin filiallarının yerləşdiyi şəhərlərdə açılması üçün müvəkkillik fəaliyyəti apardıq. Yəni  Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabadda da STEAM mərkəzləri olsun. Buna qismən də olsa, nail olduq. Həmin STEAM mərkəzləri bizim filiallarımızda  STEAM fənninin tədris olunduğu ixtisaslarda təhsil alan tələbələrin praktik dərslərinin keçirilməsinə, əyani işlərini görmələrinə, təcrübə dövründə həmin mərkəz və kabinetlərin olduğu məktəblərdə təcrübə keçmələrinə yardım etdi. Yəni dolayısı ilə biz bu fəaliyyətləri icra edirik və növbəti planımız budur ki, 2025-ci ildə yeni məzmun hazırlanarkən, nəinki dəqiq və təbiət elmlər sahəsində, bütün ixtisaslarda STEAM fənninin tədrsini təmin edək. Yəni hətta fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı, təsviri incəsənət müəllimliyi, musiqi müəllimliyi, məktəbəqədər təhsil, ibtidai sinif müəllimliyi, sahələr üzrə dil müəllimliyi, tarix və coğrafiya müəllimliyi ixtisaslarında da STEAM fənnini məcburi qaydada tədris edək.

Ümid edirəm ki, 2024 və 2025-ci illərdə biz universitet olaraq bu istiqaməti genişləndirəcəyik. Elm və Təhsil Nazirliyinin də həyata keçirdiyi planlarda, xüsusən, 2026-cı ilə qədər ölkəmizin sosial-iqtisadi inkişaf planlarında STEAM təlimləri alan müəllimlərin, STEAM kabinetlərinin olduğu məktəblərin saylarının müəyyən edildiyi nəzərə alınarsa, demək olar ki, növbəti illərdə bu istiqamətdə iş daha da genişləndiriləcək.

 

Elnurə İSAXAN

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmas



Seçilən
42
Mənbələr
Şərh ()
Bağla