AZ

Hər bir vətəndaş dövlətin maraqlarını müdafiə etməlidir

İctimai və dövlət maraqlarının müdafiəsi cəmiyyətin başlıca məqsədlərindən biridir. Bu iki amilə nəzər yetirərkən bunun toplum üçün həyati əhəmiyyət kəsb etdiyini görə bilərik. Bu mənada ölkəmizdə də bu, öz aktuallığını qorumaqdadır.

Bu gün hər bir vətəndaşın qarşısında duran mühüm məsələ məhz ictimai və dövlət maraqlarının müdafiəsidir ki, onlar da fəaliyyətlərində bu məsələni diqqətdə saxlamalıdır.

İctimai və dövlət maraqlarının müdafiəsində vətəndaşların maariflənməsi mühüm şərtlərdəndir. Vətəndaşlar bu istiqamətdə üzərlərinə düşən vəzifəni bildikdə o zaman dövlətin maraqlarını da qorumağı bacaracaqlar.

Daim aktuallığını qoruyan ictimai və dövlət maraqları ölkəmizdə necə tənzimlənir? Ümumiyyətlə, ictimai maraqlar dedikdə nə nəzərdə tutulur?

Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal bildirir ki, ictimai maraqlar adından da göründüyü kimi fərdlərin öz maraqlarının kənarında, cəmiyyətin maraqlarını öndə tutan, “hamı üçün” düşünə və hərəkət etməyi bilmək anlayışıdır:

“İctimai maraqların müdafiəsi rolunda çıxış etmək fərdlərdə yüksək şüur, intellekt, xalq və Vətən sevgisi, milli və mənəvi cəhətdən zəngin keyfiyyətləri daşımaq kimi xüsusiyyətlər tələb edir.

Bu mənada, tarixin bütün mərhələlərində, müasir zamanda, ictimai maraqların müdafiəçisi rolunda çıxış etmiş insanlar hər zaman çoxluqdan seçilmiş, fərdi və lider keyfiyyətləri ilə tanınmışdır.

Hazırkı dövrdə ictimai maraqların müdafiəçisi rolunda bir sıra institutlaşmış sahələr var. Ayrı-ayrı ictimai birliklər və qeyri-hökumət təşkilatları, ziyalı birlikləri, hüquq müdafiəçiləri, ictimai fəallar ictimai maraqların müdafiəçisi rolunda çıxış edirlər. Bir sıra hallarda dövlət ictimai marağın qorunmasında öz təşviqatçı və təşkilatçı potensialını işə salır. Bu da ictimai maraqların qorunmasında iştirak edən fərd və təşkilatların öz fəaliyyətlərini genişləndirməsinə ciddi stimul verir.

Aqil Camal qeyd edir ki, ictimai və dövlət maraqlarının müdafiəsinin həyata keçirilməsi daha böyük əzm, fəaliyyət, potensial və prinsipiallıq tələb edir:

Hər bir dövlət marağında ictimai marağın elementləri ehtiva olunur. Belə olan halda, dövlət marağı, ictimai və milli maraq anlayışlarını bir arada təhlil etmək məqsədəuyğun olar. Hər bir dövlət, onu formalaşdıran xalq üçün milli maraqların müəyyənləşdirilməsi və təmin olunması əsas vəzifələrdən biri kimi çıxış edir.

Müsahibim deyir ki, Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir:

“Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, Müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir”.

Aqil Camalın fikrincə, cəmiyyəti arxasınca aparmağı bacaran milli mətbuatımız dövlətin maraqlarına xidmət edərək ölkəmizlə bağlı təhrif olunmuş informasiyalara real faktlarla cavab verir:

“Bu da dövlət marağının müdafiəsinin bir növüdür. Mətbuat informasiya müharibəsində onu qoruyan bir qüvvədir.

Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin sədri Mikayıl Həsənli ictimai və dövlət maraqlarının müdafiəsinə hər bir insan tərəfindən müxtəlif yanaşma ola bilər:

“Maraqlar öncə ailədən başlayır. Hər bir insan yaşamaq üçün, ehtiyaclarını ödəməkdən ötrü müəyyən maraqlardan çıxış edir. Getdikcə bu maraqlar bir sıra məsələlərdə ümumiləşərək birbaşa ictimai maraqların yaranmasına zəmin yaratmış oldu. Yəni maraqlar sosiallaşır və bundan da ictimai maraqlar yaranır. Ümumilikdə götürsək, ictimai maraqlar anlayışı geniş məfhumdur. Cəmiyyətin, dövlətin maraqlarından çıxış etmək elə ictimai maraqların qorunması deməkdir”.

Mikayıl Həsənli deyir ki, ölkəmizdə ictimai və dövlət maraqlarının ən mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır:

“Ümummilli Liderin bu konsepti ictimai və dövlət maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirməkdə çox mühüm rol oynayıb. Və bu gün də öz möhtəşəmliyini göstərməkdədir. Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev ictimai və dövlət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verərək bu istiqamətə diqqət ayırır. Ölkəmizin suverenliyinin möhkəmlənməsində məhz ictimai və dövlət maraqlarının üst-üstə düşməsinin mühüm şərt olduğu nəzərə alınaraq buna xüsusi diqqət ayrılması heç də təsadüfi deyil. Və biz bunun müsbət nəticəsini hər zaman görə bilirik”.

Birlik sədri deyir ki, cənab Prezidentin ictimai və dövlət maraqlarının daim üstün tutduğu və hər zaman bu maraqlardan çıxış etməsi hamı üçün bir örnək olmalıdır:

“Siyasi mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş bundan nəticə çıxarıb ölkəmizin maraqlarını qorumalıdır. Öz fəaliyyətində buna mütləq şəkildə xüsusi diqqət etməlidir. Sevindirici haldır ki, biz bu yöndə gənclərimizin müsbət fəaliyyət istiqamətlərinin şahidi oluruq. Fəxrlə deyə bilərik ki, bu istiqamətdə aparılan təbliğatın müsbət nəticəsidir ki, hər bir kəs mənəvi dəyərlərimizə, dövlətimizə, onun atributlarına hörmətlə yanaşır. Dövlətin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa çalışan qüvvələrə qarşı mübarizə aparır. Ölkəmizin maraqlarını layiqincə qoruyur. Yəni vətəndaşlarımız dövlət maraqlarımızın müdafiəsinin nə qədər vacib şərt olduğunu bilir və buna əməlində xüsusi diqqət edir”.

Bəli, biz bu diqqətin məhz 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı hər bir vətəndaşın ictimai və dövlət maraqları uğrunda birləşməyə səsləyən çağırışları bir daha onu göstərdi ki, Azərbaycan xalqı zərurət yarandığı halda şəxsi maraqları dövlət maraqlarına dəyişməyi bacaran və onu əməlində üstün tutmağı bacaran bir xalqdır. Əldə edilən möhtəşəm Zəfərimiz də xalqımızın birliyinin, gücünün təntənəsi idi. XALQ DÖVLƏT, XALQ ORDU birliyi Azərbaycanımızın ən böyük gücüdür, qüdrətidir. Gəlin hər zaman güc və qüdrətimizi birgə qoruyaq. O zaman AZƏRBAYCAN daim var olacaq.

Elnurə İSAXAN

İctimai və dövlət maraqlarının müdafiəsi



Seçilən
36
Mənbələr
Şərh ()
Bağla