AZ

Dondurulmuş RUSİYA AKTİVLƏRİNƏ nə olacaq?

Dünyanın 7 ən böyük iqtisadiyyatına malik ölkələrin xarici işlər nazirləri bu gün İtaliyanın Kapri adasında son iclas üçün bir araya gəlib.

News24.az xəbər verir ki, görüşün digər əsas mövzusu Rusiya olub. Dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə yollarını axtarmağa davam etdiklərini bildirən nazirlər maliyyə qurumlarını Rusiya ordusuna dəstəyi kəsməyə çağırıb və bunun reallaşması üçün addımlar atacaqlarını qeyd ediblər.

G7 xarici işlər nazirləri həmçinin bəyan ediblər ki, İran ballistik raketləri Rusiyaya ötürərsə, ona qarşı “yeni və əhəmiyyətli” tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, iclasda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edib.

Kuleba bildirib ki, onlar G7 ilə Rusiyaya qarşı müharibəyə kömək etmək üçün lazım olan “xüsusi addımları” müəyyən ediblər.

Rusiyanın qalib gələcəyi təqdirdə Avropanın müharibəyə sürüklənəcəyini iddia edən Kuleba, "Avropanı daha böyük müharibədən xilas etmək üçün Ukraynanı ən qısa zamanda bütün lazımi qaynaqlarla təmin etmək" gücünə malik olduğunu bildirib.

Nəşr edilmiş yekun bəyannamə layihəsinə görə, G7 xarici işlər nazirləri “insanların həyatını xilas etmək və kritik infrastrukturu qorumaq üçün Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməkdə” qərarlı olduqlarını və bu məqsədlə tərəfdaşları ilə çalışacaqlarını bildiriblər.

Günel Məlikzadə

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla