AZ

Diqqət bir anda yenidən Qarabağa yönəldi - Əvvəl Bakı, ardınca Ankara...

Bağlanan Rusiya-Türkiyə monitorinq mərkəzidir, qardaş Türkiyə buradadır, burada da olacaq.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Rusiya sülhməramlılarının Azərbaycan ərazisini (Qarabağ) tərk etməsi prosesi ətrafında baş verənlərə diqqət çəkib:

“Dünya və regional mətbuatda “Rusiya Azərbaycandan niyə belə tez və nisbətən rahat çıxdı” sualına cavab axtarılır. Cavab sadə deyil, hətta bir xətt üzrə də deyil, müxtəlif məsələlərin sintezindən doğub, məncə, qlobal trendlərlə yanaşı, Azərbaycan və Türkiyənin sinxron davranışı da həlledici olub.

Birincisi, Azərbaycan Dövlət Televiziyası (AzTV) bir anons vermişdi, həbsdə olan terrorçu-separatçılardan böyük bir müsahibə aldığını elan etmişdi. Çox güman ki, separatçılar sandığı açıb pambığı töküblər, illərdir Kreml və ya Moskvanın Azərbaycana qarşı etdiklərini, separatizmə necə dəstək verdiklərini danışıblar, sənədlərlə sübut olunmuş faktlar ortalığa çıxıb. Sonra müsahibə efirə getmədi, əvəzində “sülhməramlılar” ölkədən getdilər. Əgər bu “şahmat gedişi” rol oynayıbsa, bu məsələni düşünüb həyata keçirənlərə eşq olsun.

İkincisi, Rusiya hərbçilərinin çıxmasına pararlel olaraq, Ağdamda yerləşən Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin də bağlandığı elan olundu. Mənə elə gəlir ki, Rusiya çıxmaq istəməsəydi, Türkiyə ilk olaraq elan edəcəkdi ki, bu missiyaya ehtiyac yoxdur, məsələlər bitib, bu müqaviləni səbəblər aradan qalxdığına görə sonlandırırıq, ona görə də, biz çıxırıqsa, müqavilə şərtlərinə görə ruslar da çıxmalıdır.

Həmçinin hamımız bilirik ki, qardaş Türkiyə buradadır, burada da olacaq. Söhbət o mərkəzi tərk etməkdən gedir.

Türkiyə belə bir açıqlama versəydi, o zaman nə olacaqdı?! Bəli, faktiki olaraq ruslar ən azı o mərkəzdən Türkiyənin təkidi ilə çıxmağa məcbur olduqları görünəcəkdi. Əvvəldə də qeyd etdiyim kimi, səbəblər çoxdur, amma düşünürəm ki, bu iki amil Kremlin qərar verməsinə təsir edib”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla