AZ

Dünyada hər gün 800 qadın doğuş zamanı ölür - BMT

Dünyada hər gün 800 qadın doğuş zamanı ölür ki, bu rəqəm 2016-cı ildən bəri dəyişməz olaraq qalır. Bu barədə Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun (UNFPA) son hesabatında qeyd olunub. 
 
Hesabata görə, Avropa və Şimali Amerika ilə müqayisədə Afrikada qadınların hamiləlik və ya doğuşun ağırlaşması səbəbindən ölmə ehtimalı 130 dəfə çoxdur.
 
Hesabatın müəlliflərinin sözlərinə görə, qarşısı alına bilən ana ölümlərinin yarıdan çoxu böhran və ya fəlakət vəziyyətində olan ölkələrdə baş verir.
 
Onlar həmçinin cinsi və reproduktiv sağlamlıq sahəsində irəliləyişin qarşısını almaqda irqçilik, cinsiyyətçilik və ayrı-seçkiliyin digər formalarının rolunu vurğulayıb. 

Hesabatda bildirilir ki, aparılmış tədqiqatlara görə yoxsulluq şəraitində yaşayan qadın və qızlar azlıq qruplarına mənsub olduqları və ya münaqişə vəziyyətlərində tutulduqları halda, adekvat tibbi xidmətin olmaması nəticəsində vaxtından əvvəl ölmə ehtimalı daha yüksəkdir.
 
BMT-nin Əhali Fondunun İcraçı Direktoru Natalia Kanem bildirib ki, Albaniyada imtiyazlı ailələrdən olan etnik alban qadınlarının 5%-i ilə müqayisədə qaraçı qadınların 90%-dən çoxunun səhiyyə xidmətinə çıxışı ilə bağlı ciddi problemlər var. 

"Bundan əlavə, əlilliyi olan qadınların gender əsaslı zorakılığa məruz qalma ehtimalı on dəfə çoxdur, cinsi oriyentasiya və gender ifadəsində fərqli olan insanlar səhiyyə xidmətində maneələrlə üzləşirlər. Reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi ciddi problem olaraq qalır", - o deyib.
 
Tədqiqat müəllifləri həmçinin hesablayıblar ki, 2030-cu ilə qədər aşağı və orta gəlirli ölkələrə əlavə 79 milyard dollar sərmayə qoyularsa, 400 milyon planlaşdırılmamış hamiləliyin qarşısını almaq, bir milyon insanın həyatını xilas etmək və 660 milyard dollarlıq iqtisadi fayda əldə etmək olar. 
 
Bununla yanaşı hesabatda qeyd olunub ki, Hindistan əhalisinin sayı 1 milyard 441 milyon nəfərə yüksəlib ki, bununla da dünya ölkələri arasında birinci yerə çıxıb. 

Hindistanın 1 milyard 425 milyon əhalisi olan Çini keçərək birinci yerə yüksəlməsində sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümünün azalması əsas rol oynayıb.

BMT-nin məlumatlarına görə, Çinin əhalisi 2022-ci ildə 1,426 milyarda çatdıqdan sonra azalmağa başlayıb.
 
Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırırlar.
 
Aygün Mirakif

www.anews.az
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla