AZ

“Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR

“Hazırda dünyada çox təhlükəli proseslər gedir. Son dövrlərdə bir sıra ölkələrin biri-biri ilə konkret və açıq müharibə aparmağının şahidi oluruq. İlk olaraq Rusiya-Ukrayna qarşıdurması, daha sonra İsrail-HƏMAS müharibəsi, son günlərdə isə İranla İsrail arasında toqquşması dünya müharibəsinin başlama ehtimalının yüksək olduğunu deməyə əsas verir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, dünyada qanlı müharibələr, qarşıdurmalar, xüsusilə də sözügedən dövlətlərin biri-birini Atom silahı ilə təhdid etməsi məsələni daha da qəlizləşdirir: “Üçüncü dünya müharibəsinin başlanması ilə bağlı müxtəlif fikirlər və çağırışlar səsləndirilir. Əlbəttə bu hazırda dünyada beynəlxalq hüququn işləməməsinin göstəricisidir. Həmin beynəlxalq qurum və təşkilatlar artıq əməli heç bir iş görə bilmirlər. Yəni, beynəlxalq hüquq kağız üzərində qalır. Biz 30 illik işğal dövründə Azərbaycana qarşı haqsız və ədalətsiz mövqeyin həyata keçirilməsinin də şahidi olmuşuq. Azərbaycan 30 il ərzində beynəxalq təşkilatlara güvənsə, müraciət etsə də, beynəlxalq hüquq işləmədi. Biz nəhayət suveren hüquqlarımızı məhz öz gücümüzə təmin etdik. Bu gün də dünyada baş verən proseslərin əsas səbəblərindən biri “kim güclüdürsə, o da gedişatı diqtə edir” prinsipi ilə aparılır. Bu isə daha çox günahsız insanlar üzərində öz mənfi təsirini göstərir”.

Məsələ ilə bağlı politoloq Tural İsmayılov fikirlərini bölüşüb: “Üçüncü dünya müharibəsinin fraqmental formada baş verdiyini görürük. Lakin hansısa genişçaplı və böyük eskalasiyadan, qarşıdurmadan hələ ki, söhbət gedə bilməz. Ümumilikdə isə Rusiya-Ukrayna müharibəsi, İsrail-İran qarşıdurması, həm yaxın gələcəkdə partlayacağı gözlənilən Çin-Tayvan, həmçinin Şimali Koreya və Cənubi Koreya məsələləri üçüncü dünya müharibəsinin başlanmasa da, artıq yaxın gələcəkdə olduğunu göstərir. Hər halda bütün dünyanın bu məsələdə atmalı olduğu vacib addımlar var. Hesab edirəm ki, bu addımlar atılmayacağı təqdirdə üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir. Nəticədə dünya iqtisadi-siyasi sistemini pandemiyadan sonra psixoloji formada narahat edən növbəti məqama daha şahid etmiş olacağıq. Hansı ki, bu da üçüncü dünya müharibəsinin başlama və davametmə riskidir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla