AZ

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Oğuz, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC

“Aztelekom” MMC Oğuz rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 97 faizinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb, vətəndaşların genişzolaqlı internet xidmətlərindən istifadəsi təmin edilib. Qoşulmalar davam etdirilir.

Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat katibi Alidə Mustafayeva jurnalistlərə açıqlamasında bildirib ki, yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Oğuz şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 1), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, 2017-2023-cü illərdə Azərbaycanda, ümumilikdə, 2,16 milyona yaxın ev təsərrüfatına və biznes subyektinə genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 74 faizini təşkil edir.

“Aztelekom” MMC-nin Şimal-Qərb Regional filialının müdiri Həsən Ömərov jurnalistlərə açıqlamasında bildirib ki, regional filialın xidməti ərazisində 130 mindən artıq ev təsərrüfatı var. “Online Azərbaycan” layihəsi çərçivəsində 100 mindən çox ev təsərrüfatının GPON xidmətlərindən istifadə etmək imkanı yaradılıb. Balakən və Oğuz rayonları üzrə layihənin icrası tam olaraq başa çatdırılıb, Zaqatala, Qax və Şəki rayonları üzrə isə layihənin icrasının qısa zamanda yekunlaşdırılması planlaşdırılır. Hazırda region üzrə 52 min 700 abunəçi GPON xidmətlərindən istifadə edir.

Seçilən
167
3
Mənbələr
Şərh ()
Bağla