AZ

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüblər. 


Sfera.az bankın açıqladığı rüblük məlumata istinadən xəbər verir ki, 2023-cü ilin sonunda bankda hüquqi şəxslərə məxsus 78,3 milyon manata yaxın depozit olub. Üç ay ərzində hüquqi şəxslər bu qədər vəsaitin 25,75 milyon manatını, yəni 33 faizə yaxınını bankdan götürüblər. 


Bankdan böyük məbləğdə vəsaitin çəkilməsi ilə əlaqədar olaraq bank müəyyən tədbirlər də görüb. “Expressbank” böyük məbləğdə vəsaitin götürülməsi ilə əlaqədar sahib olduğu qiymətli kağızların bir hissəsini satıb. Rüb ərzində bankın ticarət və investisiya qiymətli kağızlarına sərmayəsi 18,4 milyon manat azalaraq 33,5 milyon manat olub.

 

“Expressbank” hüquqi şəxslərin tələblərini ödəmək üçün digər banklarda və maliyyə institutlarında olan depozitlərini də azaldıb. Belə ki, ötən ilin sonunda 32 milyon manata yaxın olan depozitlərin həcmi bu ilin birinci rübü ərzində 18,5 milyon manat azaldılaraq 13,5 milyon manat olub. 


Məlumatlardan göründüyü kimi, hüquqi şəxslərin depozitlərinin önəmli hissəsini geri çəkməsi bankın öhdəliklərini azaltdığı kimi, aktivlərində də azalmaya səbəb olub və bank kiçilib. 


Ötən ilin sonunda 560 milyon manat aktivi olan “Expressbank”ın aktivlərinin həcmi bu ilin aprelin 1-də 532 milyon manata düşüb.

 
Vasif
 

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla