AZ

“Onsuz da "Kəpəz"lə aramızda 15 xal fərqi var” - “Qəbələ”nin azarkeşləri komandadan əlini üzüb

Misli premyer-liqasının 30-cu turu “Qəbələ”ni aşağı dəstəyə bir addım da yaxınlaşdırdı. Ona görə ki, “qırmızı-qaralar”evdə “Turan Tovuz”a da uduzdu.

Oyun bitər-bitməz meydanda səhvlərlə yadda qalan qapıçı Kristof Atanqananın paltardəyişmə otağındaca döyülməsi xəbəri yayıldı. Həm də mətbuat konfransında baş məşqçi qolkiperin ünvanına iradlar söylədi. Doğrudanmı, “Qəbələ”nin bütün bədbəxtliklərinə görə ispaniyalı qapıçı günahkardı? “Red-Black Army” fanklubunun idarəçilərindən Nəriman Təbrizin sözlərinə görə, qapıçı Turan Tovuz”la oyunda çox zəif çıxış edib:

“Söhbət “Turan Tovuz”la matçdan gedirsə, bəli, Atanqana ən zəif bəndlərdən biri idi. Heç nədən penalti yaratması kimi səhvi qurtardığı penalti epizodunu silir. Deyə bilmərəm ki, “Qəbələ”nin hazırkı vəziyyətində qapıçı günahkardı. Qapıçıya görə bu günə düşdüyümüzü düşünmürük. Bütün komandanın əməyi keçir. Azarkeş olaraq bizim də fikirlərimiz, təkliflərimiz var. Baş məşqçinin etirazı haqlı idi. Düzdü, biz heyətə qarışa bilmərik. Amma nəticə olmayanda da etiraz bildirə bilmirik. Qapıçı da digər futbolçular kimi formada deyil. Səviyyəsi aşağıdı. Düzdü, yerli qapıçı Rəşad Əzizliyə də yetərincə şans verilib, başqaları kimi özünü göstərə bilməyib”.

Nəriman bəy komandanın indiki vəziyyətə düşməsində daha çox legionerləri günahlandırdı:

“Azarkeş qrupumuz legionerlərdən Əyyub Allaş, Bilel Auaşeriya, bir qədər Feras Abu–Akalanın çıxışından razıdı. Yaxşı olar ki, yerlilərdən Elməddin Sultanova da şans verilsin. Həm qəbələli, həm də gənc olduğu üçün. Bir tərəfdən də qazanacağımız heç nə olmayacaq. Onsuz da "Kəpəz"lə aramızda 15 xal fərqi var. Bunu nəzərə alaraq əvəzedicilərdən bəzi futbolçulara şans vermək olar - Okan Təhməzli, Şahin Şahniyarov, Bilal İsmayılov, Fərid İskəndərov… Ən azından növbəti mövsüm üçün bu gəncləri qazana bilərik. Düzdü, adını çəkdiyim futbolçuların da zəif çıxışı olur. Yerli futbolçulardan əksəriyyəti ötənilki komandada qalanlardı. Bizim və əksər azarkeşlərin fikrincə, komandanın enişdə olmasının səbəbkarı legionerlərdi. Builki seçim düzgün deyildi. Təbii ki, yerli oyunçular da burda az rol oynamayıb. Ümumən götürəndə yerlilərin əksəri ötən il çıxış edənlər olub, legionerlərinsə çoxu bu il gəlib. Yəni builki legionerlərin səviyyəsi aşağı olduğuna görə yerlilərin də performansında eniş var. Əsas şikayətimiz əcnəbi futbolçulardandı”.

RÖYANƏ OĞUZ
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla