AZ

“COP29 mədəniyyətimizin təbliğində böyük rol oynayacaq” — Deputat

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz haqqında müsbət imicin formalaşması üçün çox vacibdir. Bu həm də Azərbaycana olan yüksək etimadın nəticəsidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O qeyd edib ki, artıq tədbirin keçiriləcəyi yer də bəllidir: 

“Tədbir Bakı Olimpiya Stadionunda keçiriləcək. Ümumiyyətlə, COP29 iqlim fəaliyyətlərini sürətləndirmək üçün Paris sazişinə əsasən keçirilən böyük tədbirdir. Tədbirin keçirildiyi ölkə və şəhər bu müddət ərzində dünyanın diqqət mərkəzində olur. Tədbirdə dünya liderləri, dövlət və hökumət başçıları, rəsmilər, alimlər, vətəndaş cəmiyyəti nümayəndələri bir araya gəlir. İqlim dəyişiklikləri ilə bağlı bir çox vacib məsələlər müzakirə olunur. 100 minə yaxın insanın toplaşdığı bu konfrans keçirildiyi ölkəyə uğur gətirir, onun tanınması, təbliği və nüfuzunun artmasına  böyük töhfə verir”. 

Millət vəkili onu da diqqətə çatdırıb ki, Azərbaycan bundan öncə də bir çox dünya səviyyəli tədbirlərə, platformalara ev sahibliyi edib:

“Bu tədbirlərin hər biri ölkəmizin inkişafını, gücünü, iqtisadi və siyasi imkanlarını göstərir. COP29-un yüksək səviyyədə keçirilməsi üçün mühüm işlərə başlanılıb. Təşkilat komitəsi, əməliyyat şirkəti artıq fəaliyyət göstərir. Bu konfrans həmçinin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, musiqimizin, incəsənətimizin, tariximizin geniş təbliğinə yol açacaq”. 

Törə Zeynallı
Demokrat.az


Seçilən
78
1
Mənbələr
Şərh ()
Bağla