AZ

“Belə davam etsə, Ermənistanın özü “aradan götürüləcək””-ŞƏRH

“Azərbaycan əməldə müstəqil siyasət yürüdür. Bu, sülhməramlı faktı ilə bir daha sübut olundu. Proseslərin gedişatında sülhməramlıların da çıxması ilə Azərbaycan ərazisində heç bir xarici hərbi kontingent olmayan ölkəyə çevrilir. Qoşulmama Hərəkatında fəaliyyətimiz isə nümunəvi dəyərləndirilir yəni, praktikada bunu tətbiq edə bilirik. Hələ üstəlik və elə məhz bu məsələyə Şərq Tərəfdaşlığı kontekstindən də baxmaq lazımdır. Ermənistan isə əvəzetməyə gedərək, sadəcə ağa dəyişir. Bu amil isə bir ölkənin suverenliyinə yenidən şübhə yaradır və öz müqəddəratını təyin etmək prinsipindən sürətlə uzaqlaşdırır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, hər bir aktorun əsrlər boyu formalaşdırdığı siması, xalqının yaratdığı obraz bəllidir:

“Azərbaycan öz taleyini bu dəfə də özü seçdi, Ermənistan isə hansı ağızdan hansı avaz çıxacağına, hansı əldən daha çox dilənəcəyinə baxır. Ermənistanın cəhdləri ülgüc kimi nazik, bir o qədər də qeyri-sağlam, qanlı-qadalıdır. Azərbaycan aktorları və prosesləri minimallaşdırdıqca Ermənistan bunu daha da ətrafa yayır. Qərb regional aktorlar arasında nifaq salır, Ermənistanı region aktorlarının hər birinin üstünə hürdürür. Qapan it isə hürmür.

Sadəcə Cənubi Qafqazda deyil, digər regionlarda da gedən proseslər onu göstərir ki, sanki Qərb siyasətçilərinin hər yerdə, o cümlədən Azərbaycanla Ermənistan arasındakı münasibətlərə daim müdaxilə etmək cəhdləri yaxud da hansısa formada öz fikirlərini bildirmə məcburiyyəti var. Qapalı qapılar arxasında “gizli strategiya” hər bir bölgəyə şamil edilir”.

Politoloq bildirib ki, Qərb indi də Ermənistandan istifadə etməklə özünü mənəviyyat zirvəsinə qaldırıb, halbuki kiçik dəstək belə böyük irəliləyişə gətirib çıxa bilər:

“Lakin təxribatçı addımların heç biri sülhə xidmət etmir. İndi də Avstriya parlamenti Azərbaycan əleyhinə qətnamə ilə ermənilərin başını sığallayır. Ermənistan nəinki Azərbaycan torpaqlarını, regionu öz ərazisinin bir hissəsi kimi görür və ona lazım gələrsə bunları güc yolu ilə geri alacağına dair vədlər verilir, gizli paktlar imzalanır. Məsələ orasındadır ki, qarşıdakı payız həlledicidir. ABŞ-da seçkilər keçiriləcək və istər-istəməz namizədlər elektorat üzərinə fokuslanacaqlar. Xarici siyasətlə bağlı verilən istənilən qərar onların sayının çoxalması və nüfuz uğrunda gedəcək. İrəvana hər şey kimi vaxtın uzadılması da diktə olunur. Azərbaycan isə o müddətdə qlobal əhəmiyyətlə tədbirə ev sahibliyi edəcək. Hadisələrin “sirr pərdəsini” azca aralamaq kifayətdir ki, ABŞ-ın ritorikası Azərbaycana qarşı birbaşa və sərt deyil. Bunu dolayı yollarla Fransanın, son olaraq Avstriyanın və yaxud da hər zaman müraciət etdikləri “üzüdönüklərin”əli ilə qızışdırırlar. Noyabr ayına qədər sülh müqaviləsinin imzalanması çətin görünür. Lakin cənab Prezident İlham Əliyev diplomatiyası gözlənilməz sürprizlərlə doludur və uğur dolu taktiki gedişlər hər kəsə yaxşı məlumdur.

ABŞ deşifrə olunmuş sənədi “dezinformasiya” adlandırır, Rusiyanın isə Ermənistandan bir gözləntisi, bir də istəyi var. Gözlənti Qərblə imzalanmış hərbi-siyasi razılaşmalar barədə dəqiq reaksiyadırsa, istək sirr pərdəsinin tamamilə götürülməsidir. Belə davam etsə Ermənistanın özü “aradan götürüləcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla