AZ

Paşinyanın açıqlamaları Azərbaycanın diqtə etdiyi şərtlər fonunda baş verir – Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxla sərhəddə ikinci dəfə gəlməsi bütün narazılıqlara rəğmən işğalda olan kəndlərimizi geri qaytarmaqda qərarlığını bir daha göstərmiş olur. Doğrudanmı baş nazir sülh gündəliyinə sadiqdir?

Mövzu ilə bağlı sualımızı cavablandıran politoloq Tural İsmayılov bildirdi ki, artıq neçənci dəfədir, Paşinyan Qazaxla sərhəd kəndləri ziyarət edir. Və baş nazirin səsləndirdiyi ifadələr o baxımdan maraqlıdır ki, tarixdə ilk dəfədir, Ermənistan siyası rəhbərliyində təmsil olunan şəxs Azərbaycan əraziləri ilə bağlı konkret fikir ortaya qoyur:

“Ölkəmizin ərazilərinin Azərbaycana məxsus olması məsələsini dəfələrlə bəyan edir. Amma həm də biz unutmamalıyıq ki, bu Paşinyanın özünün hansısa siyasi uzaqgörənliyi və yaxud da özünün siyasi addımı deyil. Vəziyyətin bu məcraya gəlməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini gücləndirməsilə bağlı olan bir məsələdir. Yəni Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması, ondan sonrakı dövrdə baş verən hadisələr bu gün ölkəmizin yalnız geopolitik anlamda deyil, qlobal siyasi düzəndə vacib bir ölkə halına gəlməsi Nikol Paşinyanı bu tip açıqlamalar verməyə məcbur edir. Yəni əslində Paşinyanın bu açıqlamaları məhz Azərbaycanın diqtə etdiyi şərtlər fonunda baş verir. Və məhz ölkəmizin qələbəsinin nəticəsində ortaya çıxmış məqamdır”.

Politoloq bildirir ki, bütün bunlar Paşinyanın sülhə sadiq olduğunu əsla göstərmir:

“Çünki belə olsa idi, Ermənistan real sülh imkanları üçün həqiqi addımlar atardı. Amma biz görürük ki, Paşinyanın hakimiyyətdə olduğu illərdə bütövlükdə Ermənistan siyasi hakimiyyəti üzdə bir cür danışıb, pərdə arxasında başqa formada addımlar atıb. Ona görə hesab edirəm ki, bəzi məsələlərdə biz yekun nəticəyə gəlmək üçün tələsik reaksiyalar verməməliyik”.

Elnurə İSAXAN

Seçilən
42
50
Mənbələr
Şərh ()
Bağla