AZ

“Fənərbağça” niyə məğlub oldu? – İlginc SƏBƏBLƏR

“Fənərbağça”nın “Olimpiakos”a məğlub olmasını “Qarabağ”ın bu komandaya qalib gəlməsi ilə müqayisə etmək olmaz. Futbolda belə yanaşma qüsurludur. “Qarabağ” “Olimpiakos”a qalib gəlibsə, bu o demək deyil ki, yunanlar istənilən komandaya məğlub olmalıdırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.


O, ölkəmizdə də geniş azarkeş kütləsinə sahib olan Türkiyənin “Fənərbağça” komandasının UEFA Avropa Konfrans Liqasının ¼ final mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi “Olimpiakos”a ümumi hesabı 3:3 olan oyunun penaltilər seriyasında məğlub olmasından söz açıb.

N. Muxtarlı düşünür ki, futbolda nəticəni komandaların hazırkı durumu müəyyən edir.
“Amma o başqa məsələ ki, Türkiyə klubları Avropada rəqabətə davamlı deyillər. Bu, faktdır. Bu faktı şərtləndirən bir çox səbəblər var.

Türkiyə futbolu şou xarakterlidir, peşəkar yanaşma yoxdur. Komandalar Avropada heç kimə lazım olmayan yaşlı futbolçuları alıb azarkeşləri şouya cəlb edirlər. Bu tendensiya illərdir davam edir, nəticəsi isə yoxdur. Buna baxmayaraq, bundan imtina da edilmir. Deməli, kimlərinsə marağı bunu tələb edir. Türkiyə klubları həm də az qala siyasiləşiblər. Onlar ictimai rəyə təsir etmək, qalmaqallar törətməklə məşğuldurlar”, – deyə o əlavə edib.

“Elə “Fənərbağça”nın Superkubok oyununda törətdiyi təxribata diqqət edək: guya “Olimpiakos”la oyundan əvvəl istirahət etmək istəyirdilər ki, yaxşı nəticə əldə etsinlər. İstirahət etdilər, amma gedib, Yunanıstanda məğlub oldular. Klublar bir neçə maraqlı qruplaşmaların monopoliyasındadır. Bu qruplaşmaların göstərişi ilə hətta ölkəyə qarşı belə təxribat törətməkdən çəkinmirlər. Mətbuat isə müəyyən vasitələrlə susdurulub və ya bu təxribatlara dəstək verir”, – o, söyləyib.

Mütəxəssis əmindir ki, “Fənərbağça”nı heç bir halda “Qarabağ”la müqayisə etmək olmaz:
““Qarabağ” kiçik büdcə ilə maksimum nəticə əldə edən peşəkar klubdur. “Fənərbağça” və digər Türkiyə klubları isə milyonlar xərcləyib fiaskoya uğrayan şou komandalarıdır.

Türkiyə futbolunda şoumenlər dövrü bitməyincə, Avropada rəqabətə davamlı komanda olmayacaq. “Fənərbağça”nın zəif “Olimpiakos”a məğlub olmasının səbəbi də məhz budur. Ümumi Türkiyə futbolunun problemidir bu – şoudan peşəkarlığa keçid lazımdır”.

Rafi Müslümov

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla