AZ

Onu şair kimi tanıyacaqlar...

Bəhruz Niftəliyevin 37 yaşına...
 
Gəncliyini təzə arxada qoyub, indi də cavnlığının gəncliyini yaşayır. Axı may ayının 8-də 37 yaşı tamam olacaq. Söhbətimi həmin tarixə də sala bilərdim, amma gözləməyə səbrim çatmadı. Daha doğrusu, oxuduğum bir şeiri, necə deyərlər, səbrimi kəsdi. Birdəki xoş söz söyləməyə nə vaxt-vədə, gəldi gərək yubatmayasan... 
 
Mən sənin sirrin idim, 
Ürəyində yaşamadım, süründüm,
Varlığına yetənmədim, yoxluğuna büründüm 
UNUT!
 
İlk görüşdə,
İlk öpüşdə deyil,
İlk gülüşdə vuruldum, 
Qəhərimi qəh-qəhənlə ovutdum,
Mən səninçün o yurddum,
UNUT!
 
Qərq oldum,
Dərd oldum,
Mən nə yaman sərt oldum, 
UNUT!
 
Günəş idin, gözlərimdə parladın ,
Mən sənin üçün qərb oldum, unut !
Dünya bilsə halımı,
Duya bilsə halımı,
Yağış ağlar, qış ağlar...
Öz xoşuyla soyunarmı ağaclar?
Çıxart məni əynindən... ürəyindən,
UNUT!
 
Bu talenin bir ömürlük quranı,
Bu tələnin bir ölümlük qurbanı, 
Deyirlər ki, görür, duyur- bəs hanı?
Hanı Tanrı? 
Yetim qoydu dünyanı 
Ümid!..
 
Bu şeir sərbəst vəzndə yazılsa da, lirikası, bədii çalarları heç də heca vəznindən geri qalmır, gözəl poeziya nümunəsidir...
 
Doğrudur əksəriyyət onu  televiziya işçisi, veriliş aparıcısı kimi tanıyır, amma əslində o, həm də öz dəsti xətti olan istedadlı şairlərimizdən biridir. Nədənsə özünü şair kimi təqdim etməyə hələ tələsmir...
 
Bəli, bu gün sizə “Mədəniyyət” kanalında yayımlanan  “O” və həm də “Yadigarlar” verilişlərinin aparıcısı Bəhruz Niftəliyevdən söhbət açmaq istəyirəm. Bəhruz 1987-ci ildə Bakı şəhərində anadan olub. 35 saylı məktəbdə orta təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Televiziya rejissorluğu” ixtisasına yiyələnib və bakalavr, o cümlədən magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də müxbir kimi başlayıb. “Mədəniyyət xəbərləri” redaksiyasında redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. Hazırda "Mədəniyyət" telekanalının direktor müavinidir...  
 
Deyir ki,- ““O” verilişinin ideyası çoxdan var idi. Gerçəkləşdirmək məqamı gəldi və düşündüm ki, “O”nu ekrana çıxardım. Verilişin əsas qayəsində bunlar dayanır: Biz bir dünyanın sakinləriyik, bir səma altında yaşayırıq, bir Günəşin istisinə qızınırıq, soyuğumuz da, istimiz də eynidir. Yəni, irqindən, cinsindən, dini və milli mənsubiyyətindən asılı olmayaraq hamımız insanıq və hamımızın yaşadığı çətin, xoş və yaxud da pis məqamlar var. Hərəmiz bunu bir cür qavrayırıq, bir cür keçirdirik. Kimi bu mübarizələrdə qalib gəlir, kimi də əksinə, məğlub olur. Amma əgər ömür payı sənə verilibsə yaşamağı bacarmalısan. “O” əslində insanlara bunu anladır ki, nə olursa olsun yaşamağa davam etmək, həyatın ətəyindən yapışmaq və nikbin olmaq lazımdır. O ki, qaldı “Yadigarlar” verilişinə, bu veriliş artıq televiziya məkanında bir klassikaya çevrilib. Biz bu verilişlə yolumuza İctimai Televiziyadan başlamışıq. Beş il orada yayımlandıqdan sonra, bu gün “Mədəniyyət” kanalında davam edir. Bu isə sırf tədqiqat işidir, apardığımız tədqiqatların, araşdırmaların nəticəsində ərsəyə gələn bir proqramdır. Verilişdə elm, ədəbiyyat, mədəniyyət, incəsənət və digər sahələri təmsil edən görkəmli şəxsiyyətlərin varisləri, ailə üzvləri, yaxın dostları həmin şəxsiyyətlər haqqında, onların bilinməyən tərəfləri barədə tamaşaçılara məlumat veririk.”
 
Jurnalistika fəaliyyətinə müxbirlikdən başlayıb. Daha sonra redaktor, baş redaktorun müavini işləyib. Hansı vəzifəni tutmağından asılı olmayaraq həmişə məsuliyyətli olub. Hazırda “Mədəniyyət” kanalının dierktor müavini vəzifəsində çalışarkən də bu məsuliyyət onu tərk etməyib. Əksinə, bir az da əzmini artırıb. “Mənə güvənirlərsə, etimad göstərirlərsə bu etimadı gözləniləndən daha çox doğrultmalıyam. Çünki televiziyanı çox sevirəm və sevdiyim yerdəyəm.”- söyləyir...
 
Anası əməkdar jurnalist Flora Xəlilzadənin onun püxtələşməsində böyük rolu var. Necə deyərlər, uşaqlıqdan sözlə yoğrulub. Tay-tuşları həyətdə müxtəlif oyunlar oynayanda, o, kitablarla oynayıb, vaxtını kitab oxumaqla keçirib. SÖZü dərk edib, SÖZə heyran olub və beləcə şeir yazmağa başlayıb. Uzun müddət şeir yazdığını hamıdan gizlədib. Bir gün şeir dəftəri aşkar olunanda yazdıqları valideyinləri, eləcə də onu tanıyan insanlar təfindən çox böyük maraqla qarşılanıb...
 
Deyir ki,- “Mətbuatda dəfələrlə çap olunsam da bu günə qədər onları bir kitaba toplamamışam. Çünki şairlikdən və şeirdən həmişə qaçmağa çalışmışam. Amma deyəsən bu marafonda o qalib gəlir. Bu gün yazdıqlarımı görkəmli insanlar bəyənirlərsə, demək yaza bilirəm. Məndən kitab gözləyənlərin sayı günbəgün artırsa deməli daha gecikməməliyəm. Xoş o haldır ki, kimlərinsə dilinə gətirə bilmədiklərini yaza bilirsən və yazdıqlarınla kimlərinsə fikrini, duyğusunu, ağrısını, həyəcanını ifadə edirsən. Həmin şəxs özünü səndə, sənin bir bəndində, ya bir misranda tapırsa bu doğrudan da böyük xoşbəxtlikdir. Demək mən həm də kiminsə mənəvi iztirabını ifadə etməyə kömək olmuşam.”
 
Bu gün sən getmişdin,
Yanımda ola-ola,
Yerin boş qalmışdı.
Sanki bütün şəhər boşalmışdı,
Bir mən idim, bir də sənin yoxluğun,
Halbuki yaxınımdaydın.
Çoxluğun içində tənhalaşmaq,
Vidalaşmaq sevdiyinlə...
Aşmaq dənizləri,
Fikir körpüsü qurmaq
Və qalmaq tən ortasında.
Bu gün sən getmişdin,
Ağlımda sən,
Arzumda sən,
Dilimdə adın.
Bu gün
Böyük bir boşluq kimi yadımda qaldın.
- Qadın dediyin belədir gedişiylə
vurar adamı...
İçi mən olan,
Heçmi anlamadın bugünkü yadlığını
Uzaqlığını başa düşmədin?
Gecmi, tezmi oldu, bilmirəm, amma
Getdin, getmişdin
Yanımda ola-ola mən olmayan yerlərə.
Bu isə onun “Ağlımdakı son sən” şeiridir...
 
Bəli, Bəhruz Niftəliyevin şeirləri əsl poeziya nümunələridir. Jurnalistika onun sevimli peşəsi olsa da, gələcək nəsillər onu daha çox şair kimi tanıyacaqlar...
 
Elman Eldaroğlu
 
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla