UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.
Çempionlar Liqasında namizədlər bunlardır: Yozua Kimmix (“Bayern”, Almaniya), Yulian Brandt (“Borussiya”, Dortmund, Almaniya), Usman Dembele (PSJ, Fransa), Federiko Valverde (“Real”, İspaniya).
Kimmix “Arsenal”a 1:0 hesabıyla qalib gəldikləri ev oyununda qələbə qolunun müəllifi olub. Üstəlik o, 11,56 km məsafə qət edib, ötürmələrinin isə 97 faizi dəqiq olub.
Brandt “Atletiko” üzərində 4:2 hesablı qələbəyə 1 qolla töhfə verib. Onun bu oyundakı ötürmələrinin 88 faizi dəqiq olub. Alman futbolçu matç ərzində 11,46 km məsafə qət edib.
Dembele “Barselona”nı səfərdə 4:1 hesabıyla məğlub etdikləri oyunda 1 qolla yadda qalıb.
Valverde isə “Mançester Siti”ni mübarizədən kənarlaşdırdıqları səfər matçında 13,99 məsafə qət edib, ötürmələrinin 89 faizi dəqiq olub.
Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər bunlardır: Canluka Mançini (“Roma”, İtaliya), Berat Cimsiti (“Atalanta”, İtaliya), Matey Kovar (“Bayer”, Almaniya), Cordan Veretu (“Olimpik”, Marsel, Fransa).
Mançini “Milan”a 2:1 hesabıyla qalib gəldikləri ev oyununda ilk qolun müəllifi olub.
Cimsitinin “Liverpul”a evdə 0:1 hesabıyla uduzduqları matçdakı ötürmələrinin 73 faizi dəqiq olub.
Kovar “Vest Hem”lə səfər oyununda 5 seyvlə yadda qalıb.
Veretu isə “Benfika”nı mübarizədən kənarlaşdırdıqları cavab matçında 76 faizlik dəqiq ötürmə ilə diqqət mərkəzinə düşüb.
Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçusu adına bunlar namizədlər məlumdur: Ferran Yutqla (“Brügge”, Belçika), Metti Keş (“Aston Villa”, İngiltərə), Kristiano Biraqi (“Fiorentina”, İtaliya), Kostas Tsolakis (“Olimpiakos”, Yunanıstan).
Yutqla PAOK üzərində qazanılmış 2:0 hesablı qələbədə dublla pay sahibi olub.
Keş “Lill”i mübarizədən kənarlaşdırdıqları səfər oyununda 1 qol vurub. Üstəlik, onun ötürmələrinin 94 faizi dəqiq olub.
Biraqi “Viktoriya” ilə ev oyununda (2:0) 1 qol vurub, ötürmələrinin 89 faizi dəqiq olub.
Tsolakis isə “Fənərbaxça”ya penaltilərlə qalib gəldikləri oyunda önəmli qurtarışları ilə əsas pay sahibi olub.
Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermənin yekununa əsasən müəyyənləşəcəklər.