AZ

Futbolçu öz formasını azarkeşə pulla satdı!

Yaxın keçmişdə İspaniyanın iddialı klublarından olan, 2012/13-də hətta ÇL-də 1/4 finala qədər irəliləyən “Malaqa” hazırda 3-cü divizionda çıxış edir.

Andalusiyalılar sona 6 tur qalmış 4-cü pillədə qərarlaşıblar və sequndaya qayıtmaq uğrunda mübarizə aparırlar. Bu komanda son turda səfərdə “Atletiko B”ni minimal hesabla məğlub etdi. Final fitinin ardından futbolda çox nadir görünən olaylardan biri yaşandı.

Belə ki, “Malaqa”nın futbolçusu Dani Lorenso öz fanatlarının olduğu tribunaya yaxınlaşaraq onlarla şəkil çəkdirdi və dəstəyə görə minnətdarlığını bildirdi. Bu məqamda fanatlardan biri ondan forma istədi və 50 avro təklif etdi. 21 yaşlı yarımmüdafiəçi də həmin 50 avronu götürərək formanı azarkeşə verdi. Bu olayın videosu sosial şəbəkələrdə yayılaraq böyük müzakirələrə səbəb oldu. Lorenso ciddi qınaq obyektinə çevrildiyi üçün açıqlama vermək məcburiyyətində qaldı. O, birmənalı qarşılanmayan addımına belə aydınlıq gətirdi:

“Hər şey çox tez baş verdi. Bir məqamı xatırladım ki, biz 3-cü divizionda oynayırıq. Yəni mən milyoner deyiləm. Amma olmaq istərdim. Bizdə fanatlara verə biləcəyimiz formaların sayına məhdudiyyət qoyulub. Mən artıq həmin limiti aşmışam. Limiti ötdüyüm andan etibarən klub hər verdiyim formanın pulunu maaşımdan çıxır. Bu sözləri tribunada əyləşən və oyundan sonra məndən formanı istəyən azarkeşə də dedim. O da cibindən 50 avro çıxararaq mənə tərəf uzatdı. Bu hərəkəti ilə məni o qədər təəccübləndirdi ki, buna ən təbii şəkildə qarşılıq verdim. Yəni pulu götürdüm. Amma indi düşünürəm ki, bunu etməməliydim. Bunu pul hərisi olduğuma görə etmədim. Ümid edirəm ki, insanlar məni anlayacaq”.
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla